Cənub bölgəsinə güclü qar yağıb, bəzi kəndlər işıqsız qalıb
Ötən gecədən başlayaraq respublikanın cənub bölgəsinə yenidən qar yağmağa başlayıb.
APA TV-nin xəbərinə görə, yağan qarın hündürlüyü Lerik şəhərində 10-12 sm, rayonun ucqar Piran zonasında 18-20 sm, Yardımlı şəhərində 12-15 sm, ucqar ərazilərdə 15-18 sm, Lənkəranda 9-10 sm, Astara və Masalı rayonlarında isə 5-9 sm təşkil edib.
Qarın yağması bölgədə ciddi fəsadlar törətməsə də, ayrı-ayrı yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olub. Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Əflatun İbrahimovun APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, srağagün güclü küləyin rayon ərazisində törətdiyi fəsadlar kəskin hava şəraiti səbəbindən tam aradan qaldırılmayıb. Belə ki, rayonun 20 faizi işıqsız qalıb. Hazırda problemin aradan qaldırılması istiqamətində müvafiq işlər görülməkdədir.
24 saylı Lerik rayon Yol-İstismar Sahəsinin rəisi Elxan Əliyev isə qarla bağlı Lənkəran-Lerik şosesində nəqliyyat vasitələrinin hərəkətində hər hansı çətinlik yaranmadığını söyləyib. Onun sözlərinə görə, yola qurumun texnikaları və işçi qüvvəsi tərəfindən müntəzəm nəzarət olunur, kifayət qədər qum və duz ehtiyatı görülüb. Bununla belə, Elxan Əliyev nəqliyyat vasitələrinin sürücülərinə yolda ehtiyat tədbirlərini gözdən qaçırmamağı tövsiyə edib.
Kəskin hava şəraiti Masallı-Yardımlı şosesində nəqliyyat vasitələrinin hərəkətinə mane ola bilməyib. Burada da yola daim nəzarət olunur. Rayonun ucqar ərazilərinə gedən yollar da açıqdır.
Yolların buz bağlaması səbəbindən Dövlət Yol Polisinin əməkdaşları da gücləndirilmiş iş rejiminə keçib. Yol-nəqliyyat qəzalarının baş verməməsi üçün avtomobillərin hərəkətinə nəzarət gücləndirilib.
28 saylı Lənkəran rayon Yol-İstismar Sahəsinin işçiləri piyada keçidlərində sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə yolların qardan təmizlənməsinə başlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Rayonlararası Hidrometeoroloji Müəssisəsinin direktoru Cavid Hüseynovun verdiyi məlumata görə, bölgədə qarın yağması və sonradan onun əriməsi çaylarda sululuğun səviyyəsini artırsa da, daşqın təhlükəsi gözlənilmir.