Operativ qərargah: Hava şəraiti dalğıcların dənizə düşməsinə imkan vermir
Bu gün Xəzər dənizində baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin axtarışları davam edir.
APA TV-nin məlumatına görə, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, itkin düşən neftçilərdən birinin meyiti tapılıb. Bu, Ələt qəsəbəsinin sakini, 1958-ci il təvəllüdlü Qafarov İlham Əlihüseyn oğludur. Onun meyiti gəminin göyərtəsindədir. Digər 9 nəfərin axtarışları isə davam etdirilir. Hava şəraitinin əlverişsiz olması axtarış tədbirlərini çətinləşdirir.
B.Ağarəhimov bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar öncədən müvafiq tədbirlər görülüb: "İşçi heyətinin əksəriyyəti bəzi yerlərdən təxliyə olunmuşdu, ancaq hasilatın davam etdirilməsi üçün vacib yerlərdə işçilər saxlanmışdı. Bizim istər platforma, istər estakada şəraitində hər yerdə belə hallar üçün xüsusi prosedur qaydalarımız var. Həmin idarənin işçiləri də bu prosedur qaydalarına riayət ediblər. Sadəcə, küləyin sürəti elə yüksək olub ki, ona qarşı tədbir görmək üçün heç kimin əlində şərait yoxdur".
B.Ağarəhimovun sözlərinə görə, estakada 1978-ci ildə istismara verilib və orada daim təmir-bərpa işləri aparılıb. Sonuncu dəfə təmir işləri cari ilin avqust ayında olub.
Neftçilərin axtarışlarına 10-dan çox gəmi və FHN-in bir helikopterinin cəlb olunduğunu deyən qurum rəsmisi əlavə edib ki, axtarışlarda dalğıclar da iştirak edir. Onlar havanın pisləşməsi ilə əlaqədar dənizə düşə bilmirlər. Hava şəraiti imkan verən kimi sualtı axtarışlar başlayacaq. Axtarış işləri Səngəçal, Ələt və Xəzər sahillərində aparılır.
B.Rəhimov bildirib ki, baş vermiş faciə ilə hüquq-mühafizə orqanları məşğul olacaq, verilən rəyə uyğun olaraq qərar qəbul ediləcək.