Bakının əsas avtomobil yollarında sürət həddi endirilib

Hava şəraiti ilə bağlı Bakının əsas magistral avtomobil yollarında nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi 20 km/saata qədər endirilib.

 

Bu barədə APA TV-yə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsi məlumat verib.

 

Onun sözlərinə görə, dünəndən müşahidə edilən faktiki hava şəraiti ilə əlaqədar olaraq yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə əsas magistral yollarda avtonəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi bir qədər azaldılıb: "Bu gün də bu qərar qəbul edildi və paytaxtın iki əsas magistralında Heydər Əliyev prospekti ilə Koroğlu metro stansiyasının qarşısından Bilgəh istiqamətində olan hissəsində, eləcə də Zığ dairəsindən hava limanı istiqamətində bütün zolaqlar üzrə müəyyən edilmiş sürət həddi 20 km/saat-a qədər endirilib”.

 

Yolların buz bağlaması ilə əlaqədar qəza hallarının artması riski özəlliklə sərnişinləri narahat edir. Mais Ağayev marşrut xətlərinə nəzarətin gücləndirildiyini və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görüldüyünü bildirib: “Hələ noyabr ayının əvvəlində, yəni qış rejiminə keçmədən öncə BNA olaraq bütün daşıyıcı qurumlara xəbərdarlıq məktubu göndərilib ki, avtobusların maddi-texniki bazası qış rejiminə uyğunlaşdırsınlar. Bu günlərdə BNA gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və qoyulan tələblərin yerinə yetirilməsinə nəzarət edir. Bizim üçün önəmli olan sərnişinlərin təhlükəsizliyinin təmin edilməsidir. Bu cür hava şəraitində yollarda qəza baş verməsi riski artdığı üçün nəzarət tədbirləri gücləndirilib”.  

 

Əgər zərurət yaranarsa, magistral yollarda sürət həddi daha 20 km/saat azaldıla bilər.

Müəllif | Apa.Tv
Nigar Həsənli