Səfir: "Terror aktları Türkiyəni sarsıda bilməz"
Dekabrın 10-da Türkiyədə törədilən terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.
APA TV-nin xəbərinə görə, Azərbaycan hökuməti adından baş nazirin müavini Abid Şərifov kitaba ürək sözlərini yazıb, İstanbulun Beşiktaş rayonunda baş vermiş hadisədən kədərləndiyini bildirib və türk xalqına, həlak olanların ailələrinə başsağlığı verib.
Abid Şərifov bildirib ki, Türkiyədə törədilən terror aktı hamımız üçün ağır faciədir: “Allahdan istəyimiz odur ki, Türkiyədə sülh tez bir zamanda bərqərar olsun. Xəstəxanaya düşən bacı-qardaşlarımıza Allah şəfa versin. Allah türk xalqına, dövlət başçısına səbir versin. Əminik ki, qısa müddətdə bunun sonu olacaq”.
Azərbaycandakı diplomatik korpus nümayəndələri, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçisi, Fələstinin, Niderlandın və digər ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri səfirliyə gələrək başsağlığı veriblər:
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral faciə ilə bağlı fikirlərini bildirib: “Təəssüf ki, İstanbulda baş verən terror hadisəsində 44 vətəndaşımız qurban getdi. Millət olaraq hamımız çox kədərliyik. Lakin kədərli olduğumuz qədər də hirsliyik. Heç kəs terror aktları ilə nə Türkiyəni sarsıda bilər, nə də türk millətinin gözünü qorxuda bilər. Biz kədərli ola bilərik, amma terrorla sonuna qədər mübarizə aparmağa hər zaman qərarlıyıq”.
Erkan Özoral bildirib ki, türk milləti terrorla mübarizədə hər zaman dövlətin yanında olub və bundan sonra da olmağa davam edəcək: “Adı nə olur olsun - istər PKK, istər FETÖ, istərsə də İŞİD - fərq etməz. Bilsinlər ki, türk milləti onları əzib yox edəcək”.