Reza Mehmandost: "Taekvondo yığmasına federasiya və dövlət tərəfindən çox kömək edilib"
Gənclər və İdman Nazirliyində taekvondoçu kişilərdən ibarət yığmamızın Bakıda keçirilən komandalararası dünya çempionatındakı çıxışına və Azərbaycan Taekvondo Federasiyasının Ümumdünya Taekvondo Federasiyası tərəfindən “ilin ən yaxşı milli assosiasiyası” seçilməsinə həsr olunmuş mətbuat konfransı keçirilib.
APA TV-nin xəbərinə görə, tədbiri giriş sözü ilə açan nazir müavini İsmayıl İsmayılov millimizin mundialda çempionluğunu yüksək qiymətləndirib. O, taekvondoçularımızın qarşıdakı yarışlarda da uğurlu çıxış edəcəyinə inandığını vurğulayıb.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov isə bildirib ki, komandamızın Meksikada qazandığı uğuru Bakıda da qorumasına müntəzəm məşqlər səbəb olub: “Yığmamız hələlik Olimpiya növləri üzrə çempionatı qazanan ilk komandadır. Yarışda dünyanın ən güclü 8 komandası iştirak edir. Bu il də kuboku heç kimə vermədik və Azərbaycanda qaldı. Hər iki uğuru Mehmandostun rəhbərliyi altında qazanmışıq”.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev Radik İsayevin Qran-pridə məğlubiyyətinə aydınlıq gətirib. Onun sözlərinə görə, Olimpiya çempionunu dünya çempionatına buraxmaq istəməyiblər: “Biz Radiki Qran-priyə buraxmaq istəmirdik. Lakin qaydalara əsasən, o, yarışda iştirak etməliydi. Onun orda döyüşməməsi üçün tibbi arayış lazım idi. Bu onun Qran-priyə qatılmadan dünya çempionatında iştirakı üçün lazım idi. Amma Bakıda qalib gələn idmançı belə reytinqdə ona çatmadı”.
Kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Reza Mehmandost isə bildirib ki, ardıcıl 2 il fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq heç də asan başa gəlməyib: “Qələbə qazananda danışmaq üçün mövzu çox olur. Bizdə də bu qalibiyyət çox şeyi - təfəkkürdən yeməyədək hər şeyi dəyişdi. Bütün komandalar məşq edirlər və çempionluq istəyirlər. Amma bir sıra səbəblərdən uduzurlar. Mən Azərbaycana gələndə komanda yaxşı vəziyyətdə deyildi. Amma bizə federasiya tərəfindən hər bir köməklik edildi. Biz idmançılar arasında seçim apardıq və uğur qazanmağa başladıq. Artıq olimpiadadan-olimpiadaya hazırlıq planımız var. 4 illik hədəfləri müəyyənləşdiririk. Hazırkı komandanın yetişməsi üçün federasiya və dövlət tərəfindən çox kömək edilib. Bizdə müəyyən çatışmazlıqlar da var. Lakin inanırıq ki, bütün bunları arxada qoyacağıq”.
Tədbirdə yığmamızın titullu idmançıları Ramin Əzizovla Günay Ağakişiyevanın əsas heyətdə yer almamasının səbəbi də açıqlanıb. Bildirilib ki, onlar hazır olduqda yığmada yer alacaqlar.