FES-in qərarının bazara təsiri zəifləyir, neft bahalaşır
Federal Ehtiyat Sistemi dolların faiz dərəcəsini qaldırdıqdan sonra birjalarda neftin qiyməti 3 faiz ucuzlaşsa da, bu proses çox çəkməyib. "Brent" markalı neftin qiyməti 53,22 dollaradək endikdən sonra yenidən bahalaşmağa başlayıb. Birjaların səhər seanslarında "Brent" neftinin bir bareli artıq 54,28 dollardan satılır. Qərbi Texas nefti də bahalaşmağa başlayıb. Gün ərzində qiyməti 50,09 dollar həddinə kimi düşən WTİ nefti hazırda 51,23 dollardan təklif olunur.
Qiymətlərin yenidən bahalaşmasına iki amil təsir göstərir. Federal Ehtiyat Sisteminin qəbul etdiyi qərarın bazara təsiri gözlənildiyindən daha tez zəifləməyə başlayıb, digər tərəfdən ABŞ-ın neft ehtiyatlarının proqnozlardan çox azalması müşahidə olunub. Hər iki amil qiymətlərin bahalaşmasına səbəb olub.
Qeyd edək ki, birjalar bu axşam işini yekunlaşdırır. Növbəti hərraclar dekabrın 19-da Bakı vaxtı ilə saat 03.00-də keçiriləcək.