Qərargah: İtkin neftçilərin axtarışı nəticə vermir
"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışları davam edir. Bu barədə "APA-Economics"ə hadisə ilə bağlı yaradılan operativ qərargahdan bildirilib.
"Saat 09:00-a olan məlumata görə, itkin düşən neftçilərin axtarışları davam edir. Axtarışlar nəticə verməyib. Yalnız bir neftçinin - Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğlunun meyiti ötən gün tapılıb və aidiyyəti üzrə təhvil verilib. Axtarışlar həm gəmi, həm də helikopterlərlə davam etdirilir", - deyə məsul şəxs bildirib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.
Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov isə APA-ya bildirib ki, hazırda qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı prosesi Milli Mərkəz tərəfindən koordinasiya edilərək daim nəzarətdə saxlanılmaqdadır.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, SOCAR və FHN ilə əlaqə saxlanılaraq, hadisə yerinə tələb olunan gəmilər mobilizasiya olunub. Hadisə ilə əlaqədar QSC-nin Böhran Qrupu SOCAR-ın və FHN-in səlahiyyətli şəxsləri ilə daimi əlaqə saxlayaraq, xilasetmə əməliyyatlarında iştirak edən gəmilərin işlərini koordinasiya edir.
Ağır hava şəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını çətinləşdirib.