Bərzani: "Bağdad hökuməti PKK-ya yardım edir"

"Bağdad hökumətinin PKK-ya yardım etdiyi barədə sənədlər əlimizdədir". APA TV-nin məlumatına görə, bu fikri İraq kürd muxtariyyətinin baş naziri Neçirvan Bərzani bildirib.

 

Bərzani bildirib ki, PKK Sincar bölgəsində qalmamalıdır, çünki bu, oradakı sabitliyə təhlükədir. PKK-nın yezidiləri qoruması bəhanəsi ilə burada qalması qəbul oluna bilməz. Hətta oradakı vətəndaşların evlərinə geri dönməməyinin səbəbkarı da PKK-dır: "Rajovada, Suriyada kürd xalqının haqlarına qovuşması lazımdır. Bir çox insan zindanlara atılır. Bunu açıq şəkildə ifadə etmək istəyirəm. PYD PKK-nın əsiri vəziyyətindədir. Özlərini bu əsarətdən qurtarmaları lazımdır. Eyni zamanda PKK onların vasitəsi ilə özünü qanuniləşdirməkdən vaz keçməlidir".

 

Kürd nazir İraq hökumətinin PKK-ya yardım etdiyini qeyd edib: "Bağdad və bütün tərəflərlə PKK məsələsini müzakirə etdik. Bağdadın PKK-ya yardım etdiyinin onlarla sənədinin əlimizdə mövcud olduğunu özlərinə bildirdik. Bunun heç kimə faydasının olmadığını və yanlış siyasət yürütdüklərini nəzərlərin çatdırdıq".

 

Barzani muxtariyyətlə Türkiyənin münasibətlərinin yaxşı olduğunu, bununla yanaşı İraq hökuməti ilə Türkiyənin arasındakı əlaqələrin düzəlməsi üçün əllərini daşın altına qoymağa hazır olduqlarını vurğulayıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı