Ucarda 4 yaşlı uşaq hovuzda boğulub - FACİƏ
Ucarın Ramal kəndində bədbəxt hadisə baş verib. Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan 46 yaşlı Gülnarə Qurbanova Qurban bayramı ərəfəsində həmin kəndə özəl tikinti şirkətində aşpaz qismində işləmək üçün gəlib. O özü ilə birgə azyaşlı nəvəsi, 4 yaşlı Şahin Qurbanovu da gətirib. Onlar uzaq qohumları olan Məsud Hüseynovun evində kirayənişin qalıblar. Səhər saatlarında yemək yedikdən sonra həyətdə oynayan Şahin Qurbanov qəflətən yoxa çıxıb. Bütün qonşuları axtaran nənə nəvəsini tapmadıqda qonşu həyətdə oynayan uşaqlardan soruşub. Həyəti axtaran qonşunun uşaqları Şahin Qurbanovu hovuzda boğulmuş vəziyyətdə görüblər. Meyit hovuzdan çıxarılıb.
Hadisənin şahidlərindən Fidan İbrahimli APA TV-yə açıqlamasında uşağın oynayan zaman hovuza düşdüyünü, nənəsinin baş verən hadisədən xəbəri olmadığı deyib: “Nənəsi gəlib bizdən Şahini görüb-görmədiyimizi soruşdu. Biz də dedik ki, bilmirik. Qardaşım Fərid gəlib gördü ki, uşaq buradadır, qışqırıb. Səsə gələn nənəsi uşağı sudan çıxardıb”.
Hovuzun dərinliyi 1 metrdən çox olub, batan uşaq astma xəstəsi olduğundan köməyə heç kimi çağıra bilməyib. Qonşuların sözlərinə görə, uşaq hər səhər hovuzun ətrafında oynayırmış və hovuz hasarlı olduğu üçün təhlükəli olmayıb. Güman edilir ki, hovuzun qapısını uşaq özü açıb.
Ucar rayon prokurorunun köməkçisi Adil Rəhimli isə Şahin Qurbanovun ölümünün ehtiyatsızlıq ucbatından baş verdiyini bildirib: “Faktla əlaqədar hadisə yerində meyitə baxış keçirilib, məhkəmə tibbi ekspertizası təyin olunub. Hal-hazırda araşdırma aparılır”.
Meyit dəfn edilmək üçün Bakıya göndərilib. Şahin Qurbanov ailənin ikinci övladıdır.