Taleh Ziyadov: "Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi üzrə işlərin 65%-i tamamlanıb"

"Caspian European Club"un növbəti biznes forumu baş tutub. APA TV xəbər verir ki, budəfəki biznes forumun qonağı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov olub.


Tədbiri giriş sözü ilə açan “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev bildirib ki, bugünkü forum Azərbaycanda yaradılan Azad Ticarət Zonasının fəaliyyətinə həsr olunub.

 

Sonra çıxış edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov da xatırladıb ki, Azad Ticarət Zonasının yaradılması prezident İlham Əliyev tərəfindən atılan çox əhəmiyyətli bir addımdır: "Bu layihə Azərbaycan iqtisadiyyatında, xüsusilə də qeyri-neft sektorunda töhfə verəcək ən böyük layihələrdən biridir".

 

Liman ötən ilə nisbətən bu il yük aşırımının həcmini azaltsa da, baş direktor qeyd edib ki, bu il bu göstəricinin artması proqnozlaşdırılır: "2015-ci ildə qlobal maliyyə böhranı səbəbindən aşırımın həcmində bəlli bir eniş müşahidə olunub. Bizim proqnozlarımıza görə, bu il liman üzərindən aşırılan yüklərin həcmi 4 milyon tondan çox olacaq. Bununla yanaşı, bizim proqnozlarımıza əsasən, bu artım dinamikası növbəti illərdə də müşahidə olunacaq".

 

Limanın tikintisindən danışan T.Ziyadov bildirib ki, limanın tikintisi qrafikə uyğun şəkildə davam etdirilir: "Ölkə başçısının tapşırığına uyğun olaraq birinci mərhələdə nəzərdə tutulmuş bütün işlər tamamlanacaq. Hazırda limanının tikintisi üzrə işlərin 60-65%-i tamamlanıb".

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd