“ASAN Viza” yanvarın 10-da istifadəyə veriləcək

“ASAN Viza” portalı 2017-ci il yanvarın 10-dan tam istifadəyə veriləcək. APA TV-nin xəbərinə görə, bu barədə “ASAN Viza” portalının təqdimat mərasimində Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verib.

 

O bildirib ki, "ASAN Viza" vasitəsilə əcnəbilər evlərindən çıxmadan, növbə gözləmədən, sənədlər toplamadan onlayn şəkildə müraciət edərək viza ala biləcəklər. Ölkədə qalma müddətini 30 günədək müəyyən edən birdəfəlik elektron vizanı almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra viza 3 iş günü müddətində elektron poçt ünvanına göndəriləcək: "Yeni bir təkliflə çıxış edildi ki, gələcəkdə "Asan Viza" portalı 2-ci versiyasında Azərbaycan vətəndaşları üçün bir vasitə ola bilər. Azərbaycan vətəndaşları xarici konsulluqlara əməkdaşlıq çərçivəsində həmin səfirliklərə də müraciət edə bilsinlər. Bu, konsulluqların qərarından asılı olacaq. Biz təklif verəcəyik ki, viza vermək proseduru həm Azərbaycan vətəndaşları, həm də xaricilər üçün daha asan olsun".

 

Viza üçün dövlət rüsumu 20 ABŞ dollarıdır. Bu rüsum vizaya baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır. Elektron viza müraciətlərinin bir nəfərlik, ailə (ən az 2, ən çox 10 nəfər) və qrup şəklində (ən az 10, ən çox 300 nəfər) edilməsi nəzərdə tutulur.

 

İnam Kərimov deyib ki, ölkəyə girişi qadağan olunmuş şəxslərlə bağlı müvafiq dövlət orqanları tərəfindən tərtib olunmuş siyahı “ASAN Viza” sisteminə daxil edilib. Sistem avtomatik olaraq bu siyahını yoxlayır: “Əgər müraciət edən şəxsin adı “arzuolunmaz şəxslər” siyahısındadırsa, həmin şəxsə viza verilməsindən imtina edilir. İstənilən şəxsə viza verib-verməmək hər bir dövlətin müstəsna səlahiyyətidir”.

 

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib ki, bu il ölkəyə gələn turistlərin sayında 11 faiz artım olub, ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb: "Tam statistika üçün hələ 1-2 həftə gözləməliyik. 12 ölkənin vətəndaşlarına hava limanında viza verilməsi təmin edilib. Bunlar Körfəz ölkələri, Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya və İndoneziyadır. Lakin "ASAN Viza" ilə dünyanın əsas ölkələrindən gələnlərin sayı artacaq".

 

Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynov isə deyib ki, Azərbaycan Avropa ilə vizasız rejimə tam hazırdır və bu istiqamətdə danışıqlar gedir: "ASAN Viza" xidməti fəaliyyətə başladıqdan sonra mənə elə gəlir ki, heç bir problem olmayacaq. Müraciət etmişik və xarici ölkələrin Azərbaycandakı səfirləri öz ölkələrinə bu barədə məlumat verəcəklər. Bu isə vizasız gediş-gəlişə təkan verəcək".

 

Müəllif | Apa.Tv
Almaz Qasımova