İnsanların təxliyəsi dayandırıldı - HƏLƏBDƏ 4 PARTLAYIŞ

Hələbdə sakinlərin təxliyə edilməsi prosesi dayandırılıb.  APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb insanları daşıyan avtobusların dayandığı meydanda ard-arda törədilən 4 partlayışdır.

 

Müxaliflər partlayışları İranın dəstək verdiyi şiə qruplaşmalarının törətdiyini iddia edir. Bundan əlavə, Əsəd qüvvələrinin avtobuslarla şəhərdən çıxmaq istəyən 800 nəfəri girov götürdüyü də deyilir. Hələbi xüsusi avtomobilləri ilə tərk edənlər də var.

 

Bu arada Türkiyə tərəfinin sakinlərin daha tez çıxarılması üçün avtobus sayını artırmaq istədiyi bildirilir. Ankaradan verilən açıqlamada Suriya sərhədləri daxilində 80 minlik çadır şəhərciyinin qurulması üçün iki bölgənin namizədliyinin irəli sürüldüyü qeyd edilir.


Türkiyə nümayəndələri xəstə və yaralı insanların müalicəsi üçün onları qəbul etməyə hazır olduqlarını bildirib.


Hazırda Türkiyə-Suriya arasındakı Cilvəgözü keçid məntəqəsində çox sayda təcilli tibbi yardım maşınları toplaşıb. Hataydakı müxtəlif xəstəxanalara isə 55 suriyalının daxil olduğu bildirilir.


Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu indiyə qədər 5 konvoyla 7 min 500 hələblinin təxliyə olunduğunu deyib.

 

Rusiya tərəfi də son 24 saatda 6 mindən çox sakinin şəhərdən çıxarıldığını bildirib.

 

Qeyd edək ki, Hələbdən insanların təhlükəsiz şəkildə çıxarılması qərarı Türkiyə ilə Rusiya arasında danışıqlardan sonra verilib. Türkiyə tərəfi azı 100 min insanın təxliyə prosesinin ikinci mərhələsinin tezliklə başlanmasının tərəfdarıdır.


Suriya dövlət televiziyası isə şəhəri tərk edən müxaliflərin Dəməşq hökumətinin həbs etmək istədiyi şəxsləri də özləri ilə aparmaq istədiyini, bu səbəbdən razılaşmanı pozduqları barədə xəbər yayıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı