Fazil Məmmədov: "Bağda bağban, mühafizəçi varsa, uçotu aparılmalıdır"
Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, spiker Oqtay Əsədov iclası açıq elan edib.
İclasın gündəliyinə 27 məsələ, o cümlədən ötən həftə müzakirələrdən sonra verilən təkliflərə baxılması üçün hökumətə təqdim edilən 2017-ci il üzrə dövlət büdcə zərfi də daxil edilib.
"2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndirdiyi təkliflər hökumət tərəfindən ilkin təhlil edilib" - deyən maliyyə naziri Samir Şərifov qeyd edib ki, millət vəkillərinin təkliflərinə uyğun olaraq bəzi tədbirlər üzrə xərclər üçün tələb olunan maliyyə təminatını yaratmaq məsələsi nəzərdən keçirilib: "Büdcə müzakirəsi zamanı millət vəkillərinin qaldırdığı bəzi məsələlərə yalnız bir il ərzində deyil, bir neçə il ərzində baxılması lazım gəlir. Millət vəkillərinin mədəniyyət sahəsinə xərclərin artırılması ilə bağlı təklifi nəzərə alınaraq mədəniyyət sahəsinə əlavə olaraq 3 milyon manat vəsait ayrılıb. Bundan başqa, Milli Məclisin saxlanma xərcləri 850 min manat artırılıb. Gənclər Fondunun vəsaitinin cari il səviyyəsində saxlanılmasına qərar verilib. Gənclər Fonduna nəzərdə tutulan vəsait düzgün qərardır, büdcədə ayrılmış vəsaitdən əlavə məbləğin ayrılması məqsədəuyğun deyil. Büdcənin yığcamlaşdırılmasını nəzərə alıb Fonda vəsaitlərin eyni səviyyədə saxlanılmasını ciddi problem kimi qiymətləndirmirik".
Bununla da gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 903 mln. 850 min manat məbləğində təsdiq edilib. Sonda büdcə zərfinə daxil olan sənədlər səsə qoyulub və qəbul edilib.
Plenar iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə dəyişikliklə bağlı çıxış edib. O qeyd edib ki, Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur
Millət vəkili Qüdrət Həsənquliyev vergi yükünün azaldılmasını təklif edib: "Uzun müddətdir ki, mətbuatda iqtisadçılar, ekspertlər və mütəxəssislər vergi yükünün çox olması ilə bağlı müzakirələr açırlar. Bəzən sahibkarlar daha az vergi ödəmək üçün vergi orqanlarının əməkdaşları ilə cinayət əlaqəsinə girməyə, vergi orqanları əməkdaşlarını yoldan çıxarmağa çalışır. Hesab edirəm ki, vergi yükünün azaldılması vergidən yayınmanın qarşısının almasına xidmət edəcək".
Milli məclisin sədri Oqtay Əsədov isə bildirib ki, bu dəyişikliklər vergi yükünün azaldılmasına xidmət edir.
Vergilər naziri Fazil Məmmədovun sözlərinə görə, vergilər sahəsində islahatları nəzərdə tutan qanun layihəsinin mahiyyət və fəlsəfəsinə fikir vermək lazımdır. Nazir deyib ki, respublikada işsizlik səviyyəsinin tam təhlilini aparmaq mümkün deyil. Fazil Məmmədov hesab edir ki, əhalinin bir hissəsi evlərdə işləsə də, onları işə götürənlər də nəzərə alınmalıdır: “Eləsi var ki, bağda bağban saxlayır. Deməli, onun sosial vəziyyəti yaxşıdır. Bağda bağban, mühafizəçi varsa, deməli, bunun uçotu aparılmalıdır. İşə götürən patentini alıb verməlidir. Kənardan tibb bacısı gətirib xidmət etdirirlər”.
Avtomobillər üçün aksiz dərəcəsinin artırılmasına gəlincə, F.Məmmədov bildirib ki, bu dəyişiklik sosial bərabərliyin, ədalətin təmin edilməsi məqsədi daşıyır.
Sonra Vergi Məcəlləsinə dəyişikliklər səsə qoyularaq qəbul edilib.
İclasda həmçinin Xəzərdəki faciə ilə bağlı məsələ qaldırılıb. Deputat Qüdrət Həsənquliyev bildirib ki, artıq son bir ildə eyni hadisənin ikinci dəfə baş verməsi olduqca ciddi və təhlükəli siqnaldır. O qeyd edib ki, bu hadisə hansısa ölkənin təxribatı da ola bilər.
Spiker Oqtay Əsədov isə deputata irad tutub: “Bu məsələ ilə bağlı dövlət komissiyası yaradılıb və məşğul olur. Onlar araşdırıb nəticə ortaya qoymamış Milli Məclis nə edə bilər? Danışanda bir az diqqətli olun”.
Qeyd edək ki, iclas müzakirələrlə davam etdirilib.