Siyavuş Novruzov: “Kim haradan istəyir, oradan pul yığır”

Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov ölkədəki parklanma sistemini və qiymətini tənqid edib.

 

APA TV-nin məlumatına görə, deputat bildirib ki, son vaxtlar dövlət tərəfindən avtomobillər üçün çoxlu sayda yeraltı qarajlar tikilir: “Təkcə Bakının mərkəzində Azadlıq meydanında, Qış bulvarında, müxtəlif otellərin zirzəmisində avtomobillərin saxlanması üçün kifayət qədər yer var. Amma yeraltı avtodayanacaqların qiyməti yüksəkdir”.

 

Deputat əlavə edib ki, həmin dayanacaqlarda 1 saat avtomobil saxlamaq üçün 1 manat  qiymət qoyulub: “Belə olan halda, həmin ərazilərə yaxın idarələrdə çalışanlar orada maşın saxlamaq üçün həftədə 40 manat ödəməlidir ki bu da ayda təxminən 200 manat edir. Avtomobilini yeraltı dayanacaqda saxlamaq istəyən şəxs məvacibinin bəlkə də 30-40 faizini verməlidir. Nəticədə həmin insanlar avtomobillərini ya qadağan olunan yerlərdə  saxlayır, ya da  başqa yollara əl atmağa məcbur olur. Sonda hökumət tərəfindən yüksək səviyyədə tikilən, təhlükəsizlik sistemi ilə təmin olunan yerlərin boş qalmasına gətirib çıxarır. Ona görə də qiymətlər tənzimləməlidir. Tarif Şurası bu məsələyə də baxıb, vahid qiymət müəyyənləşdirməlidir. Hansı obyektin müştərisi çoxdursa, saatı 2 manata, azdırsa, daha aşağı qiymətə xidmət göstərir. Kim haradan istəyir, oradan pul yığır. Bunun nə dövlətə xeyri var, nə də vətəndaşlara, əksinə, problem yaradır. Vahid qiymətlə həm təhlükəsizlik təmin edilər, həm də dövlətə vergi verilər”.

 

Spiker Oqtay Əsədov onun sözlərini dəstəkləyərək bildirib ki, bu məsələ araşdırılmalıdır. O, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə bununla bağlı göstəriş verib.

 

Müzakirələrdən sonra  “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib. Dəyişikliyə əsasən, nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda, İnzibati Xətalar Məcəlləsinin nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunur, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Sürücü nəqliyyat vasitəsinin aparıldığı duracaq barədə məlumatı parkomat vasitəsilə də əldə edə bilər. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda, sürücü 20 manat məbləğində cərimə edilir.

 

Bundan başqa, Azərbaycanda avtomobilləri park etmə qaydalarının pozulmasına və avtomobilin idarəsi zamanı əlil adından yalandan istifadəyə görə cəzalar tətbiq ediləcək.

 

İnzibati Xətalar Məcəlləsinə edilən əlavəyə görə, “əlil” tanınma nişanından qanunsuz istifadəyə görə 40 manat məbləğində cərimə tətbiq olunacaq.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı