Lənkəranda 43 yaşlı piyadanı vuran maşının sürücüsü qaçdı

Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə dekabrın 16-da saat 20.00 radələrində şəhərin Zərifə Əliyeva küçəsindəki şadlıq sarayının qarşısında qeydə alınıb. Sürücüsünün kimliyi hələlik məlum olmayan VAZ-2107 markalı minik avtomobili yolu keçmək istəyən piyadanı - Lənkəranın Separadi kənd sakini, 43 yaşlı  İlqar Şərif oğlu Məcidovu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı ətrafdakılar tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilmiş zərərçəkənə zəruri tibbi yardım göstərilsə də, vəziyyətinin ağır olduğu bildirilir.

 

Sürücü isə piyadanı vurandan sonra hadisə yerindən qaçıb.

 

Faktla bağlı araşdırmalara başlanılıb. İstintaqdan yayınan sürücünün yaxalanması istiqamətində tədbirlər görülür.

 

 

Müəllif | Apa.Tv