Sabirabadda suvarma kanalı tikilir

Uzun müddət torpaqları su qıtlığı ilə üzləşən Muğan ərazisində yerləşən Sabirabad kəndlərinin su təchizatının yaxşılaşması üçün dövlət tərəfindən mühüm addımlar atılır. “Meliorasiya və su təsərrüfatı” ASC-nin “Azdövsutəslayihə” institutu tərəfindən layihələndirilən Sabirabad rayonunun Azadakənd kəndi ərazisində Kür çayından qidalanan, rayonun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı və Ələmbəyli kəndlərinin əkin sahələrinin su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə "Haş suvarma kanalı" inşa edilir. “Muğantikinti” ASC tərəfindən inşa edilən yeni kanalın işə düşməsi ilə 11 min 500 hektar əkin sahəsi su ilə təmin olunacaq.

 

Tikintinin birinci mərhələsində suqəbuledici qurğu olan stasionar nasos stansiyası və iki boru xəttinin tikintisi, o cümlədən beton kanalın 3 kilometrlik hissəsində işlər başa çatıb. Kanalın ümumi uzunluğu isə 24 km olacaq. Hazırda nasos stansiyasında işlərin 90%-i  və beton kanalın 3 kilometrlik hissəsində  işlər yekunlaşıb. Yeni stansiyanın suötürmə qabiliyyəti 10 kubm./saniyə olacaq. Həmçinin uzunluğu 2880 pm. olan 4 boru xətti də inşa edilir.

 

“Meliorasiya və su təsərrüfatı” ASC-nin təşkilatçılığı ilə həyata keçən tikinti işlərinə 50-yə qədər müxtəlif növ texnika cəlb olunub. Bütövlükdə tikinti işlərində 100-dən çox işçi qüvvəsi çalışır.

 

 

Müəllif | Apa.Tv