Neft 55 dollardan baha satılır
Dünya birjalarında neftin qiymətində bahalaşma davam edir. APA TV-nin məlumatına görə, "Brent" markalı neftin bir bareli səhər seanslarında 55,32 dollardan təklif olunur. Bu markadan olan neft ötən gün bu saatlarda 54,28 dollardan satılıb.
Qərbi Texas nefti də bahalaşmağa başlayıb. Ötən gün 51,23 dollardan təklif olunan WTİ markası hazırda 52,03 dollardan təklif olunur.
Qiymətlərin bahalaşmasının əsas səbəbi sözsüz ki, OPEK və qeyri-kartel üzvü ölkələrin istehsalın dondurulması ilə bağlı əldə etdiyi razılaşmadır. Təşkilatın səkkiz ildən sonra bu qərara gəlməsi nefti bahalaşdırsa da, qiymət artımının nə qədər yüksələcəyi və yüksəlişin nə vaxta qədər davam edəcəyi ilə bağlı müxtəlif fikirlər var.
Bir qrup ekspert OPEK ölkələrinin qeyri-kartel ölkələri ilə dekabrın 10-da əldə etdiyi razılaşmanın qarşıdakı altı ay içərisində 3 illik ucuzlaşmanı geri çevirməyə başlaya bilər.
OPEK-in təxmini isə ehtiyatların 2017-ci ilin ikinci yarısına qədər azalmayacağı yönündədir.
ABŞ Enerji Nazirliyinə bağlı Enerji İnformasiya İdarəsinin ehtimalına görə isə neft qiymətlərinin stabilləşməsi üçün 2017-ci il belə çox erkən tarix ola bilər. Qurumun 6 dekabrdakı son təxmini xam neft ehtiyatlarının yeni ildə günlük 420 min barel artacağı yönündədir.