Türkiyədə avtobus terroru: 13 hərbçi şəhid, 48 yaralı

Türkiyənin Kayseri şəhərində törədilən partlayış nəticəsində 13 hərbçi şəhid olub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlama verib. 48 hərbçinin də yaralandığı bildirilir.

 

Kayseri polis rəisinin açıqlamasına görə, bomba yüklənmiş avtomobil sərnişin avtobusunun yanından keçərkən partladılıb. Hadisə baş verərkən avtobus dayanacaqda sərnişinləri götürürmüş. Avtobusda olanların əksəriyyəti şənbə günü icazə alaraq şəhərə çıxan desant bölüyünün əsgərləri olub. Avtobusda hərbçilərlə yanaşı, mülki şəxslərin də olduğu bildirilir.

 

Hadisə yerli vaxtla saat 08:45 radələrində şəhərdəki Ərciyəz Universiteti şəhərciyinin yaxınlığında qeydə alınıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları, təhlükəsizlik qüvvələri cəlb olunub.

 

Partlayışda yaralanan hərbçi partlayışa səbəb olan avtomobilin onları izlədiyini deyib.

 

Hadisə PKK terror təşkilatı tərəfindən törədilib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı