Gəncədə Azərbaycan-Türkiyə biznes forumu

Gəncədə İqtisadiyyat və  Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Azərbaycan və Türkiyə tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

 

Biznes forumda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun vitse-prezidenti Vidadi Quliyev prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət və qazanılmış uğurlar barədə məlumat verərək, ölkədə həyata keçirilən genişmiqyaslı inkişaf və quruculuq proseslərinə xarici tərəfdaşlar tərəfindən də böyük maraq göstərildiyini bildirib. Azərbaycan-Türkiyə əlaqələrinin dünyada örnək olduğunu qeyd edən Vidadi Quliyev ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

 

Türkiyə İxracatçılar Məclisinin Avrasiya üzrə koordinatoru Zəfər Ünüvar iki qardaş ölkənin iştirakı ilə növbəti biznes forumun Gəncə şəhərində keçirilməsindən məmnunluğunu ifadə edib, biznes forumun Azərbaycan-Türkiyə dostluğunun və əməkdaşlığının daha bir nümunəsi olduğunu bildirib.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun Biznes Məlumat Mərkəzinin direktoru Anar Qasımlı Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib.

 

Tədbir çərçivəsində Türkiyə İxracatçılar Məclisinin fəaliyyətinə dair videoçarx da nümayiş olunub.

 

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli