Azərbaycanda buynuz qişa transplantasiyası niyə dayandırılıb? - ARAŞDIRMA
Gur işıqlar, lazer şüalarına yaxın tezliklərlə ətrafımızı şüalandıran monitorlar, telefon pəncərələri və s. gözlərimizin qayğısına qalmağı mümkünsüz edir. Buraya çirkli atmosfer havasını da əlavə etsək, gözlərimizin hansı təzyiq və təcavüz altında çalışdığını təsəvvür etmək o qədər də çətin deyil. Elə bu səbəbdən də müasir dövrdə göz xəstəlikləri çox geniş yayılmaqdadır.
Mehman Hacıyev yeddi il öncə sağ gözünün qlaukoma xəstəliyindən əməliyyat olunub. Əməliyyatdan sonra Mehman dayının müddətində görməsi iki ay bərpa olunsa da, sonradan o, dünya işığından məhrum olub. Bundan sonra təkrar əməliyyat üçün İran İslam Respublikasına üz tutan Mehman Hacıyevə gözün buynuz qişasının şəffaflığının pozulması diaqnozu qoyulur və buynuz qişası transplantasiyası məsləhət görülür: "İranda əməliyyat olunub gəldim, ilk dəfə gedəndə sol gözümün giləsində qabarıq əmələ gəlmişdi. Amma görməm zəif olsa da görürdüm. Həkim dedi ki, əməliyyatdan sonra normal görəcəksən. İki ay ötdü, yenidən yoxlamaya getdim. Amma həmin qabar yenə üzə çıxdı. Üç dəfə orda əməliyyat olundum. Bunun da nəticəsi olmadı. İndi Bakıda həkimlərə buynuz qişa transplantasiyası üçün müraciət etmişəm, gözləyirəm. Dünya işığından məhrumam. Övladlarımın və nəvələrimin üzünü görə bilmirəm".
Amil Qurbanov da keçirdiyi ağır travma nəticəsində on ildir gözlərinin işığını itirib. Gözlərinə buynuz qişasının transplantasiyasının tətbiq olunmasını gözləyən müsahibimiz deyir ki, onun xarici ölkədə əməliyyat olunmasına maddi durumu imkan vermir, Bakıda isə bu əməliyyatın gerçəkləşməsi müəyyən səbəblərdən ləngidilir.
Son zamanlar zədə və xəstəliklər nəticəsində gözünün buynuz qişası sıradan çıxan vətəndaşlarımız göz işığını bərpa etmək üçün bizə yaxın olan xarici ölkələrə üz tutmalı olurlar. Çünki Azərbaycanda hüquqi baxımdan gözün buynuz qişasının transplantasiyasına icazə verilsə də, bunun baş tutması mümkün deyil. Baxmayaraq ki, bizimlə həmsərhəd olan bütün ölkələrdə bu əməliyyatlar uğurla həyata keçirilir.
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin "buynuz qişası və transplantalogiya" şöbəsinin baş mütəxəssisi Cəmil Həsənov APA TV-yə müsahibəsində qeyd edib ki, hazırda xəstəxanada 3 min nəfərə yaxın pasient buynuz qişası transplantasiyası əməliyyatı üçün növbədədir. Onun sözlərinə görə, bir çox xəstəliklər buynuz qişasının şəffaflığını pozur. Mütəxəssis bu xəstəliklərin anadangəlmə, genetik və mikrob mənşəli ola bildiyinə də diqqət çəkib: "Əsasən travma, buynuz qişasının iltihabı bu xəstəliyin yaranmasına səbəb olur. İltihablar isə mikroblardan yaranır. Bədən daxilində yaşanan immun zəifliyi də buynuz qişada problemlər yarada bilər. Əgər hansısa səbəblərə görə buynuz qişa bulanırsa, işıq buynuz qişadan keçərək göz dibinə düşə bilmir. Əgər işıq gözün dibinə düşmürsə, onda xəstə görmə qabiliyyətini itirir. Əgər buynuz qişa tam bulanıqdırsa, onda görmə tamamilə itirilir. Əgər hissəvi bulanıbsa, görmə ola bilər".
Cəmil Həsənovun sözlərinə görə, daha çox göz transplantasiyası adı altında tanınan buynuz qişa transplantasiyası - keratoplastika əslində müxtəlif xəstəliklərdən buynuz qişanın pozulması nəticəsində onun donor buynuz qişası ilə əvəz olunması üzrə cərrahi əməliyyata deyilir. Buynuz qişanın köçürülməsi zamanı diametri 6-9 mm dairəvi hissə pasiyentin sağlam gözünün buynuz qişasından kəsilib götürülür və qeyri-sağlam hissənin yerinə köçürülür.
Azərbaycanda gözün buynuz qişasının transplantasiyasının həyata keçirilməsi üçün Göz Bankının yaradılmasının zəruri hesab edildiyini deyən oftalmoloq bildirib ki, hazırda ölkəmizdə qarşıya qoyulan əsas hədəflərdən biri gözün buynuz qişasının transplantasiyasının həyata keçirilməsidir.
Gözün buynuz qişasının transplantasiyası sahəsində boşluq olduğunu qeyd edən oftalmoloq 2003-cü ildən 2011-ci ilə qədər Azərbaycanda bu əməliyyatların keçirildiyini vurğulayıb. Ancaq 2011-ci ildə qanunvericiliyə dəyişikliklər edildikdən sonra transplantasiya məqsədilə Azərbaycana gətirilən orqan və toxumalardan istifadə etməyə icazə verilməyib: "Azərbaycanda buynuz qişasının transplantasiyasının aparılmasına uzun illərdir var və mütəxəssislər də var. Son illər bu sahədəki ən mühüm problem donor buynuz qişanı əldə edə bilməməyimizdir. Əldə etmək üçün Azərbaycanda göz bankları yaradılmalı, ya da qısa müddət ərzində xarici ölkədən gətirilməlidir. Əslində isə bu prosesin özü asan deyil. Bank yaratmaq olar, amma insanlar arasında donor olmaq üçün maarifləndirmə aparılmalıdır. Dini baxımdan da mövzu ilə bağlı təbliğata ehtiyac var. İnsanların çoxu fikirləşir ki, ölüdən göz çıxarılır. Amma əslində belə deyil, göz yerində qalır. Sadəcə, gözün ön hissəsindən buynuz qişa götürülür. Mərhuma heç bir kobud davranış nümayiş olunmur".
Cəmil Həsənov qeyd edib ki, Azərbaycanda dünyasını dəyişən insanlardan orqan götürülməsi təcrübəsi olmasa da, İranda bu təcrübə artıq çoxdan tətbiq edilir. Oftalmoloq hesab edir ki, Azərbaycanda da dünyasını dəyişən insanların yaxınları ölmüş şəxsin orqanlarından transplantologiya məqsədilə istifadə etməyə icazə versələr, donorun tapılması problemi həll olunar. Bu halda meyitin vizual görüntüsü dəyişmir, hətta yaxınları meyitin gözlərini açıb baxsa belə, onun buynuz qişasının götürüldüyünü sezə bilmir. Beləcə, bir meyitin iki gözü bəzən dörd nəfərin gözünün nurunu bərpa etməyə yetərli olur: "Bu buynuz qişanı ölüdən altı saat müddətinə götürmək lazımdır. Bundan sonra buynuz qişa konservasiya olunur, xüsusi maddədə saxlanılır. Hər adam donor ola bilməz. Əvvəlcə onun nədən dünyasını dəyişdiyi öyrənilməlidir. Yalnız bundan sonra dünyasını dəyişmiş insanın buynuz qişası götürülə bilər. Yaşlı adamların buynuz qişaşının keyfiyyəti də istənilən effekti verə bilmir, çünki orda hüceyrələrin sayı az olur. Transplantasiya 30-45 dəqiqə çəkir".
Canlı insan buynuz qişası donoru olduqda, donor özü bir gözünü itirmiş olur. Bu səbəbdən dünya təcrübəsi ondan ibarətdir ki, buynuz qişası dünyasını dəyişmiş insanlardan götürülür. Bu qaydalar müxtəlif ölkələrdə fərqlidir. Meyitdən transplantasiya məqsədilə orqan və toxumaların götürülməsinə qanunvericiliyin tələbləri gözlənilməklə, həkim konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını təsdiq edən inkaredilməz faktın olmasından sonra tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir. Donorun ölüm aktının təsdiq edilməsində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.
Gözün buynuz qişasının transplantasiyasının hazırkı dövrdə Azərbaycan üçün çox əhəmiyyətli olduğunu deyən həkim bildirib ki, azərbaycanlı xəstələrin çoxu bu əməliyyatın aparılması üçün ya İrana, ya da Türkiyəyə gedirlər. Lakin həmin xəstələr Azərbaycana qayıtdıqdan sonra onların müəyyən problemləri yarandıqda, həmin həkimlərin nəzarəti altında ola bilmirlər.