ABŞ-la İrandan qarşılıqlı ittihamlar - SURİYAYA GÖRƏ

"Suriyadakı vəhşətin məsuliyyətini Bəşər Əsəd rejimi və onun müttəfiqləri olan Rusiya ilə İran daşıyır. Onların əllərində Suriyadakı qətliamların qanı var". APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama deyib.


O, çıxışında Hələbdəki son vəziyyətə xüsusi diqqət ayırıb. ABŞ prezidenti deyib ki, Hələbdə mülki şəxslər hədəfə götürülüb: "Məsum insanların blokadaya alındığı, aclığa məhkum edildiyi bir strategiya ilə üz-üzəyik. ABŞ diplomatik və siyasi yollarla Suriyadakı vətəndaş müharibəsinin həllinə çalışıb. Dünyanın harasında olursa olsun, müharibə səbəbindən bir uşağın ölümünə görə öz üzərimdə məsuliyyət hiss edirəm".


Obama deyib ki, Suriya məsələsi qarşılaşdığı ən çətin problemlərdəndir.

 

Obamanın ittihanlarına İran XİN-dən reaksiya gecikməyib. "İran İslam Respublikası ilk dövlət idi ki, Suriyada atəşkəslə bağlı bir neçə maddəlik layihə təqdim edib, humanitar yardım göstərilməsinin, tərəflərin danışıqlar aparmasının zəruriliyini bildirib. Biz indi də bu mövqedəyik". Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.

 

O qeyd edib ki, İran və bu ölkənin xarici işlər naziri Suriyanın Hələb şəhərində  sabitliyin təmin olunması, dinc sakinlərə yardımların çatdırılması istiqamətində tədbirlər görür: "Ərəb baharı" hadisələri baş verdiyi zaman bəzi qərb və ərəb ölkələri terrorçuları Suriyanın qanuni hökumətini devirmək məqsədi ilə bu ölkəyə topladı. Suriyadakı bugünkü vəziyyətə görə günahkar həmin ölkələrdir".

 

B.Qasımi deyib ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəzi ölkələr, o cümlədən Türkiyə və Rusiya ilə davamlı əlaqələr yaradıb. Nəticədə çıxış yoluna dair layihə hazırlanıb. Layihə dekabrın 27-də Moskvada keçiriləcək XİN başçılarının görüşündə təsdiqlənəcək.

Müəllif | Apa.Tv