Obama: "Reyqan yəqin məzarında fırlanır"
ABŞ prezidenti Barak Obama Rusiyanı zəif dövlət adlandırıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu o, Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.
"Onlar cılızdır, zəifdir. Onların iqtisadiyyatı başqa ölkələrin almaq istədiyi heç nə istehsal edə bilmir. Rusiya ancaq silah, qaz və neft istehsal edə bilir", - deyə Ağ Ev sahibi qeyd edib.
Obama bundan əvvəlki çıxışında bildirib ki, onun Rusiyaya qarşı mövqeyi prezident olduğu gündən bu yana qətiyyən dəyişməyib. Amma həmin vaxt prezident eyni zamanda Rusiyanı regionda və dünyada sözü keçən vacib ölkə, nəhəng güc adlandırmışdı.
Dövlət başçısı ABŞ-da prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı sualı da cavablandırıb. "İddia olunan kiberhücumlar Vladimir Putinin göstərişi ilə baş tutubmu?" suala cavabında Obama bildirib ki, Rusiyada onun xəbəri olmadan çox az şey baş verir.
Obama bildirib ki, əgər respublikaçı eks-prezident Ronald Reyqan bilsəydi ki, onun partiyasından nə qədər seçici Rusiyanın dövlət başçısını dəstəkləyir, yəqin ki, məzarında fırlanardı: "Seçkilərdən sonra araşdırma aparılıb, məlum olub ki, respublikaçıların 37 faiz seçicisi Putini dəstəkləyir. Putin isə keçmiş DTK-çıdır".
Xatırladaq ki, ABŞ-da son seçkilərində qalib gələn Donald Tramp demokratların namizədi Hillari Klintondan fərqli olaraq, Rusiya ilə münasibətləri ən yüksək səviyyəyə çatdıracağını dəfələrlə dilə gətirib.