Tovuzda bir gündə 5 mağaza yarıldı
Tovuzda bir gündə 5 mağaza yarılıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayon mərkəzindəki 4 telefon və 1 ərzaq dükanında qeydə alınıb.
Cinayətin üstünün açılması istiqamətində aparılan tədbirlər zamanı isə məlum olub ki, oğurluğu törədənlər yetkinlik yaşına yenicə çatmış şəxslərdir. Həmin şəxslər mağazadan çoxlu sayda mobil telefon, danışıq kartları, qol saatları və pul götürüblər.
Hadisə barədə dərhal rayon polisi məlumatlandırılıb və elə həmi gün də hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarların izinə düşüblər. Aparılan əməliyyat-axtarış tədbirlərindən sonra əvvəllər məhkum olunmamış Alakol kənd sakinləri - 18 yaşlı İlkin Həsənov və 19 yaşlı Elşən Ələsgərov şübhəli şəxs qismində saxlanılıblar.
İlkin dindirilmə zamanı İlkin Həsənov və Elşən Ələsgərov cinayətlərini etiraf ediblər.
Hazırda Tovuz Rayon Polis Şöbəsində cinayətin təfərrüatları araşdırılır.