“Maliyyə bazarlarında yeni imkanlar-2017” mövzusunda konfrans keçirildi
Bakıda “Pullman” oteldə “AzFinance” İnvestisiya Şirkətinin təşkilatçılığı ilə “Maliyyə bazarlarında yeni imkanlar-2017” mövzusunda tədbir keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə və “AzFinance Asset Management” MMC-nin baş direktoru Abid Məmmədov, direktor müavini Murad Əhmədov və İntiqam Səfərəliyev, eləcə də şirkətin əməliyyat departamentinin rəhbəri Fərid Məmmədov iştirak ediblər.
“AzFinance” İnvestisiya Şirkətinin və “AzFinance Asset Management” MMC-nin baş direktoru Abid Məmmədov şirkətin yaranma tarixi barədə məlumat verib.
O bildirib ki, Azərbaycanda iqtisadi inkişafa töhfə vermək məqsədilə investisiya şirkəti yaratmağa xarici ölkədə təhsil alması, üstəlik, 5 il ərzində topladığı iş təcrübəsi çox kömək edib: “AzFinance” İnvestisiya Şirkəti 2014-cü ildə fəaliyyətə başlayıb. Düzgün strategiya və peşəkar komanda sayəsində “AzFinance” İnvestisiya Şirkəti 2015-2016-cı illərdə gəlir əldə etməyə başlayıb. Bizim şirkət daim Azərbaycanın TOP-3 şirkəti arasında yer alıb. Hazırda “AzFinance” İnvestisiya Şirkəti 20 milyon manatlıq vəsaiti idarə edir. Biz gələn il bu məbləği iki dəfə artırmağı planlaşdırırıq. Hesab edirəm ki, biz irəliyə doğru addımlayırıq”.
Abid Məmmədov iqtisadiyyat sahəsində böhran olduğunu və bununla əlaqədar investisiya şirkətlərinə müraciətlərin artdığını vurğulayıb: “İqtisadi çətinlik qiymətli kağızlar bazarına, investisiya şirkətlərinə marağı artırıb. Hazırda əhalinin broker xidmətləri ilə müqayisədə vəsaitlərin idarəetməyə verilməsi ilə bağlı sifarişləri getdikcə artır. Maliyyə sektoru ölkə iqtisadiyyatının ürəyidir. Maliyyə böhranı bir sıra şirkətlərə sarsıdıcı zərbə vurub. Bununla belə, böhran digər şirkətlərə yaranmaq, inkişaf etmək və öz mövqeyini tutmaq imkanı verir. Maliyyə böhranı ilə əlaqədar investisiya şirkətləri üçün yeni imkan yaranıb. İlk növbədə kredit götürməkdə maraqlı olmayan şirkətlərə kredit əvəzinə səhm buraxmağa kömək edirik. Bu, kreditlə müqayisədə riskləri azaldır. Bununla yanaşı, bazarda yeni məhsullar meydana gəlir, bazarın digər iştirakçılarına bu məhsulları almaq və ya şirkətlərə sərmayə yatırmaq imkanı yaranır”.
O qeyd edib ki, şirkətin növbəti il üçün hədəfi investisiya fondu yaratmaqdır: “Hələ təcrübə yoxdur. Ona görə bizə bir qədər çətindir. Amma şirkətimizdə peşəkar kadrlar çalışır. Rusiya və digər qonşu ölkələrin təcrübəsini öyrənib gələn il üçün fondu yarada bilərik”.
“AzFinance” İnvestisiya Şirkətinin direktor müavini Murad Əhmədov “Xarici bazarlarda asset management” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, fərdi investisiya portfelinin idarə edilməsi bazarda yeni xidmətlərdən biridir. Bu, pul vəsaitləri, qiymətli kağızlar və digər aktivlərin professional idarəetmə ilə investora gəlir gətirməsinə xidmət edir: “Siz vəsaitlərinizin idarə olunması, strategiyanın seçilməsi, hesablarınızın necə idarə olunması ilə bağlı hesabat almaq və gəlir əldə etmək istəyirsinizsə, investisiya şirkətinə müraciət edə və müqavilə bağlaya bilərsiniz. Bizim digər şirkətlərdən üstünlüyümüz nədir? Azərbaycan bazarında ilk dəfə bu xidmətləri biz təklif etmişik. Bizim məhsulların unikallığı ondan ibarətdir ki, müştərilərimizə fərdi xidmətlər təklif edirik. Müştərilərimiz arasında banklar, sığorta şirkətləri və idxal-ixracla məşğul olan şirkətlər var. Daha bir üstünlük odur ki, əgər banklar və sığorta şirkətləri, gələcək maliyyə institutları daimi, zəmanətli gəlir əldə etmək istəyirsə, biz onlar üçün strategiya hazırlayırıq. İdxal-ixracla məşğul olan şirkətlər üçün isə valyuta əməliyyatlarından qazanmaq imkanı yaradırıq”.
M.Əhmədov əlavə edib ki, “AzFinance” İnvestisiya Şirkəti fərdi investisiya portfelinin idarə edilməsi ilə bağlı güclü infrastruktur yaradıb, dünyanın ən iri investisiya bankları və beynəlxalq maliyyə təşkilatları ilə müqavilələr imzalayıb. Bunların arasında “İnteractive brokers”, “İş bankası” “İş Yatırım”, “Raiffeisen Bank” kimi qurumların adını çəkmək olar.
M.Əhmədov qeyd edib ki, dünyada nəticəsindən asılı olmayaraq, vəsaitlərin idarə olunmasına görə müştəridən 2%-lik komissiya tutulursa, “AzFinance” İnvestisiya Şirkəti gəlir əldə etməyən şirkətdən pul tələb etmir: “Bizim daha bir üstünlüyümüz odur ki, razılaşmaya əsasən əldə olunan gəlir nəzərdə tutulandan az olarsa, şirkətimiz idarəetməyə görə pul almır. Yəni bu halda ödəniş 0% olur. Biz yalnız qazanılan gəlirdən 20% komissiya götürürük. Əgər biz sizin gözlədiyinizdən çox gəlir əldə etmişiksə, onda vəsaitlərin idarə edilməsinə (menecment komissiyası) görə 2% və nəticələrə görə (performans komissiyası) 20%-lik komissiya alınır”.
“AzFinance” İnvestisiya Şirkətinin direktor müavini İntiqam Səfərəliyev “İnvestisiya fondları: bu günün tələbi” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, gələn il Azərbaycanda yeni və daha peşəkar maliyyə alətləri ilə işləyən ilk investisiya fondu yaradılacaq. Bununla bağlı qısa zamanda Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunacaq.
“AzFinance” İnvestisiya Şirkəti 3 investisiya fondunun yaradılmasını hədəfləyir. Şirkət əvvəlcə Paylı Borc alətləri və Özəl Sərmayə İnvestisiya Fondları yaradacaq. Sonra Daşınmaz Əmlak İnvestisiya Fondunun yaradılması nəzərdə tutulur.
İ.Səfərəliyev bildirib ki, Paylı İnvestisiya Fondu Milli Depozit Mərkəzində açılan bir hesaba malikdir: “Bu hesabın bir neçə sahibi var. Onlar pay sahibləri adlanır. Həmin hesabda eyni zamanda qiymətli kağızlar saxlanılır. Həmin qiymətli kağızların gündəlik dəyəri hesablanır və həmin payların sayına bölünür və hər bir insan qiymətli kağızlarına uyğun faizə və qiymətə sahib olur. Paylı investisiya fondları üç formada yaradıla bilər. Açıq, qapalı və interval paylı investisiya fondları”.
İ.Səfərəliyev əlavə edib ki, dünyada investisiya fondlarına maraq artır: “Peşəkarlar kapitalı daha yaxşı idarə edir. Məhz bu səbəbdən Rusiyada son 6 ildə paylı investisiya fondlarında artım nümayiş olunub və bu fondların xalis kapitalının dəyəri iki dəfə artıb. Bu da bizim marağımızı çəkib. Biz də yeni investisiya fondlarının yaranmasında maraqlıyıq. İnvestisiya fondunun üstünlükləri diversifikasiya və risklərin minimuma endirilməsi ilə bağlıdır. Bir investor öz vəsaiti həcmində çox diversifikasiya edə bilməz. Çünki onun vəsaiti məhduddur. Ancaq paylı investisiya fondunda böyük vəsait toplandığına görə burada diversifikasiyaya getmək olar. Müxtəlif sahələrdə istiqraz əldə edə və riskləri minimuma endirə bilər. Bizim yaradacağımız paylı investisiya fondları öz şəbəkəmiz vasitəsi ilə müxtəlif kapital bazarlarına çıxarılacaq”.
Şirkət ilk olaraq fondun paylarını AzFinance İnvestisiya Şirkətində 20 milyon manatdan çox idarəetmədə vəsaiti olan müştərilərə, banklara və sığorta şirkətlərinə təklif edəcək. Şirkətin auditoru böyük dördlük arasından seçiləcək, depozitarı isə Milli Depozit Mərkəzidir.
“AzFinance” İnvestisiya Şirkətinin Əməliyyat Departamentinin rəhbəri Fərid Məmmədov təqdimatını “Bakı Fond Birjasında müştərilər üçün online ticarət dövrü” mövzusuna həsr edib. O, onlayn ticarətin qaydaları barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Qeyd edək ki, “AzFinance” İnvestisiya Şirkəti yerli və institutsional investorlar üçün maliyyə-investisiya xidmətləri, qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi, fərdi investorların portfelinin idarə edilməsi kimi xidmətlər göstərir. 2 mart 2015-ci il tarixindən etibarən “AzFinance” İnvestisiya Şirkəti Bakı Fond Birjasının (BFB) üzvlüyünə qəbul edilib. Xatırladaq ki, “AzFinance İnvestisiya Şirkəti” QSC Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 6 yanvar 2016-cı il tarixində verilmiş ilk investisiya şirkəti fəaliyyəti lisenziyasına malikdir. Şirkətin cari tarixə nizamnamə kapitalı 1,55 mln. manat təşkil edir.