Lənkəranda "Ölü canlar"

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında rus ədəbiyyatının klassiki N.V.Qoqolun “Ölü canlar” əsərinin motivləri əsasında yazıçı Mixail Bulqakovun səhnələşdirdiyi eyni adlı tamaşanın məşqləri gedir. Ukraynadan dəvət olunmuş istedadlı rejissor Arkadi Nepitalyukun quruluş verdiyi bu səhnə əsərinin noyabr ayının sonunadək tamaşaçıların ixtiyarına  verilməsi nəzərdə tutulub.

 

APA TV-nin xəbərinə görə, tamaşanın səhnə tərtibatı Yevgeniya Nepitalyuka, musiqi tərtibatı isə bəstəkar Sərdar Fərəcova məxsusdur. Əsas rollarda respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Adil Zeynalov, aparıcı artistlər Eynəli Nurullayev, Əlibala Əsgərov, Miraslan Agayev, Əbülfəz Axundov, Zemfira Nəcəfova, Qızılgül Quliyeva, Aynur Əhmədova və digərləri çıxış edirlər.

 

Teatrın direktoru İslam Həsənovun sözlərinə görə, yaradıcı  kollektiv fəaliyyət göstərdiyi bütün dövrlərdə Azərbaycan, eləcə də rus və xarici ölkələrin klassik dramaturgiyasına müraciət edib. Bu ilki mövsüm da istisna deyil.

 

Hazırda teatrda paralel olaraq daha iki əsərin - Əhməd Orucoğlunun “Açarını itirmişlər” və Tural Mustafayevin quruluşunda italyan dramaturqu Aldo Nikolainin “Dəmir sinif” tamaşasının məşqləri aparılır. Hər iki səhnə əsərinin bu ilin sonunadək tamaşaçılara təqdim edilməsi nəzərdə tutulub.

 

Teatrın truppası bu mövsüm İran, Bolqarıstan, Gürcüstan və Türkiyədə keçiriləcək Beynəlxalq teatr festivallarında yeni tamaşalarla çıxış edəcək. 

Müəllif | Apa.Tv