Nazir: "Aprel döyüşlərində Azərbaycan istehsalı olan hərbi məhsullar mühüm rol oynadı"
Bu gün Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 11-ci ildönümü və 16 dekabr - Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı ilə əlaqədar tədbir keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdən öncə müdafiə sənayesi naziri Yavər Camalov və nazirliyin rəhbər işçiləri Fəxri Xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını ziyarət edib.
Nazir jurnalistlərə açıqlamasında Azərbaycanın elektromaqnit impulslu silahlar istehsal edəcəyini bildirib. O bildirib ki, silahların istehsalı istiqamətində danışıqlar başlayıb və yaxın illərdə istehsalı nəzərdə tutulub: “Bu silahlar 2 km məsafədə düşmənin radio-elektron qurğularını və bütün texnikasını sıradan çıxaracaq. Azərbaycanın əsas məqsədi uzaq mənzilli raketlərin istehsalıdır. Bu istiqamətdə dünyanın hərbi şirkətləri ilə danışıqlar aparılır. Hazırda Müdafiə Sənayesi Nazirliyinin tərkibində hərbi zavodlar fəaliyyət göstərir. Bu zavodlarda bu günə qədər 1160 adda hərbi təyinatlı məhsul istehsal olunub. Müdafiə Sənayesi Nazirliyi bir çox ölkələrə hərbi təyinatlı məhsullar satır. Bu ölkələr sırasında ABŞ, Cənubi Koreya və Afrika ölkələri var. Bu da onu göstərir ki, Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məhsullar ən yüksək standartlara cavab verir. Hərbi təyinatlı məhsulların satışı ilə bağlı ümumi dəyəri 110 milyon dollar olan müqavilələr imzalanıb, bu müqavilələrin 61 milyon dollar dəyərində olan qismi icra olunmaqdadır".
Yavər Camalov onu da qeyd edib ki, Azərbaycanda hərbi helikopterlərin istehsalı məqsədəuyğun deyil. “Azərbaycana 150-200 hərbi helikopter lazımdırsa, bunun üçün xüsusi istehsal sahəsi yaradılmasına ehtiyac yoxdur. Az sayda hərbi helikopterləri onu istehsal edən ölkələrdən almaq daha sərfəlidir” - deyə nazir qeyd edib.
Ötən ilin müvafiq dövri ilə müqayisədə bu il güc strukturlarına təhvil verilən müdafiə təyinatlı məhsulların həcmi 1,6 dəfə, çeşidi 1,8 dəfə artıb. Yaxın perspektivdə Azərbaycanın əsas məqsədləri sırasında uzaqmənzilli raketlərlə bərabər "Hava-Hava", "Hava-Yer" tipli raketlərin istehsalıdır. Bununla bağlı artıq dünyanın aparıcı hərbi şirkətləri ilə ilkin razılıq əldə olunub.
Nazir cari ildə ilk dəfə seriyalı istehsalına başlanılmış məhsullar sırasında xüsusi təyinatlı “Yalquzaq” snayper tüfəngi, 40 mm-lik tank əleyhinə əl qumbaraatanı üçün PG-7V tipli qumbara, 6 və 24 yerli UST-56 tipli çadır, M-6 və M-12 tipli mina partladıcılar olduğunu da diqqətə çatdırıb: "Aprel döyüşlərində düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynadı".
Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin müvafiq qurumu arasında "Dəmir günbəz" Raket Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşmanın əldə olunmasına münasibət bildirən nazir Müdafiə Sənayesi Nazirliyinin həmin sistemin alınmasına müsbət rəy verdiyini də qeyd edib.
"Dəmir günbəz" Raket Hücumundan Müdafiə taktiki sistemi uçuş məsafəsi 4 km-dən 70 km-dək olan, idarə edilməyən taktiki raketlərdən müdafiə üçün nəzərdə tutulur.