"Xaricdə Təhsil üzrə Dövlət Proqramının Məzunları Akademik Fəaliyyətdə" adlı forum keçirildi

Azərbaycan Diplomatik Akademiyasında "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramının Məzunları Akademik Fəaliyyətdə" adlı forum keçirilib.

 

APA TV-nin məlumatına görə, forumda təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, eləcə də universitet rektorları iştirak edib.

 

ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, forumun əsas prioriteti xaricdə təhsil alan məzunların ölkəmizdə akademik fəaliyyətə, daha doğrusu, elmi iş üzərində çalışmağa cəlb olunmasından ibarətdir.

 

Bildirilib ki, iki paneldən ibarət forumda məzunların karyera imkanları və perspektivləri müzakirə olunub, ikinci hissədə isə rektorların məzunlarla gərdi qaydada görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 

Tədbirin davamında "Məzunlar akademik fəaliyyətdə" adlı videoçarx nümayiş etdirilib.

 

Təhsil naziri Mikayıl Cabbarov çıxışında Xaricdə Təhsil üzrə Dövlət Proqramının fəaliyyəti illərində onun imkanlarından 3500 nəfərədək gəncin faydalandığını diqqətə çatdırıb. O, xaricdə təhsil alan tələbələrin ölkəmizdə elmi fəaliyyətə cəlb olunmasının zərurətindən danışaraq, bu faktorun bilavasitə elmin inkişafına təkan verəcəyini bildirib.

 

ADA Universitetinin rektoru Hafiz Paşayev müxtəlif təhsil pillələri üzrə xaricdə təhsil alanların rəhbərlik etdiyi təhsil ocağında elmi-pedaqoji fəaliyyətə cəlbi üçün il ərzində iki dəfə əmək yarmarkasının keçirildiyini söyləyib. O, ADA-nın hər zaman elmi fəaliyyətlə məşğul olmaq istəyənlər üçün müvafiq şərait yaratmağa hazır olduğunu da dilə gətirib.

 

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov isə hazırda Azərbaycanda insan kapitalına sərmayə yatırılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildiyini və bu siyasətin həyata keçirilməsi üçün rəhbəri olduğu fondun daim təhsil layihələrinə dəstək verməyə hazır olduğunu qeyd edib.

 

Tədbir öz işini diskussiya şəraitində davam etdirib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov