Aprel döyüşlərində həlak olan heykəltəraşın albomu buraxıldı

Bu ilin aprel ayında erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi təxribat nəticəsində başlayan döyüşlərdə qəhrəmancasına şəhid olmuş 22 yaşlı Samir Kaçayevin həyat və yaradıcılığına həsr olunan “Heykəltəraşlıq” bədii albomunun təqdimatı keçirilib.

 

APA TV-nin xəbərinə görə, nəfis şəkildə tərtib olunmuş albom “XalqBank” tərəfindən 2010-cu ildən etibarən həyata keçirilən “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunub.

 

Təqdimat mərasimində şəhidin ailə üzvləri, Azərbaycan Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, millət vəkilləri iştirak ediblər.

 

Azərbaycan Rəssamlıq Akademiyasının professoru Akif Əsgərov Samir Kaçayevə dərs dediyini, onun başqa tələbələrdən seçildiyini, hər əsərində fərdi dəst-xətt olduğunu vurğulayıb: “Samir haqqında danışmaq indi çox ağırdır. Çünki o, bizim aramızda yoxdur. O, çox bacarıqlı, istedadlı idi. Çox istərdim ki, indiki gənclər də Samir kimi bacarıqlı olsunlar. Müəllimə diqqətlə qulaq asırdı və deyiləni dəqiqliklə yerinə yetirirdi. Onun hər biri ayrı-ayrılıqda sənət əsəridir”.

 

Millət vəkili, akademik Rafael Hüseynov Samir kimi gənclərin Azərbaycan incəsənəti üçün böyük itki olduğunu bildirib: “Samir haqqında bu acı xəbərdən əvvəl də eşitmişdim. Onun müəllimi mənim yaxın dostum Akif Əsgərov tez-tez tələbələri haqqında danışır. Tələbələri arasında çox seçilən bir gəncin olduğunu deyirdi. O söhbətlərdən çox keçmədən o acı hadisə baş verdi. Əlbəttə, hər itki milləti incidir. Lakin Samir kimi yaradıcı adamların itkisi daha ağırdır. Samir gənc olmasına baxmayaraq, əsərləri üzə çıxarılası sənətkar idi”.

 

Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov isə Samiri yüksək yaradıcılıq potensialı olan bir gənc kimi dəyərləndirib və onun ölümündən sarsıldığını bildirib: “Bu faciə baş verəndən sonra biz - müəllimləri, tələbə yoldaşları ilə birgə onun heykəlini hazırlamağa çalışdıq. Onun itkisi çox ağırdır. Ali məktəbi əla qiymətlərlə bitirən, magistraturaya daxil olan, üstəlik, yenicə müstəqil yaradıcılıq addımları atan bir gəncin həyatını qəfil itirməsi çox ağır hadisədir”.

 

Layihə çərçivəsində Samir Kaçayevin əsərlərindən ibarət sərgi də təşkil olunub. Sərgini dekabr ayının 17-dən başlayaraq "XalqBank"ın əsas binasında iş günlərində saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək ziyarət etmək mümkündür. Giriş sərbəstdir.      

Müəllif | Apa.Tv
Nigar Həsənli