İŞİD türk ordusuna hücum etdi: şəhid və yaralılar var
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi “Fərat qalxanı” əməliyyatında daha bir türk hərbçi şəhid olub.
APA TV-nin məlumatına görə, Əl Bab bölgəsində türk hərbçilərə edilən hücum nəticəsində 9 əsgər yaralanıb.
8 yaralı hərbçi Kilis Dövlət Xəstəxanasına gətirilib, ağır yaralı isə helikopterlə Qaziantepdəki xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından açıqlama verilib: "Gün ərzində aparılan döyüşlərdə 11 İŞİD terrorçusu məhv edilib, 4 müxalif yaralanıb. Əl Bab şəhərində Azad Suriya Ordusuna dəstək olan Türkiyə Silahlı Qüvvələrinə bombalı avtomobillə hücum nəticəsində bir qəhrəman hərbçimiz şəhid olub. İŞİD terror təşkilatına məxsus içində silah depolarının da olduğu 208 hədəf məhv edilib".
Qeyd edək ki, avqustun 24-dən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı keçirilir. Əməliyyat nəticəsində Cerablus, Çobanbəy, Dabıq kimi bölgələr, onlarla kənd İŞİD və PYD terrorçularından azad olunub.