Lənkəranda iki yol qəzası şəhəri qazsız və işıqsız qoydu

Gecə saatlarında Lənkəranda baş verən iki yol-nəqliyyat qəzası şəhərin bir hissəsi qazsız və işıqsız qalmasına səbəb olub.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, təxirəsalınmaz təmir-bərpa işlərindən sonra elektrik enerjisinin və təbii qazın verilişində yaranan problem aradan qaldırılıb.

 

Birinci qəza hadisəsi şəhərin Nəriman Nərimanov və Zərifə Əliyeva küçələrinin kəsişməsində qeydə alınıb. Sürücülərinin kimliyi hələlik məlum olmayan “VAZ-2106” və “NİVA” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, “NİVA” markalı avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və 10 kilovoltluq elektrik xəttini qırıb. Nəticədə şəhərin mərkəzi ərazisini enerji ilə təmin edən 9-cu xətt üzərində yerləşən yaşayış binaları işıqsız qalıb. Hadisə yerinə cəlb olunmuş qəza briqadasının səyləri ilə problem bir saatdan sonra aradan qaldırılıb.

 

Digər qəza hadisəsi isə şəhərin Zərifə Əliyeva küçəsində baş verib. Sürücüsünün kimliyi hələlik məlum olmayan "Opel" markalı, 42 BU 349 dövlət nömrə nişanlı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və yolun kənarındakı orta təzyiqli qaz borusuna çırpılaraq aşıb.

 

Güclü zərbə nəticəsində sıradan çıxmış boru kəmərindən ətrafa qaz sızmağa başlayıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin və Lənkəran Regional Qaz İstismar İdarəsinin qəza briqadaları cəlb olunub. Onların birgə səyləri ilə baş verə biləcək xoşagəlməz hadisənin qarşısı vaxtında alınıb.

 

Qəza zamanı minik avtomobilinin sürücüsü ciddi xəsarət almasa da, nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. Qəza baş verən ərazidə qazın verilişi isə müəyyən müddətdən sonra bərpa olunub.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv