Zabratda 16 yaşlı oğlan anasını niyə öldürdü? - TƏFƏRRÜAT

Zabratda 16 yaşlı oğlanın anasını yatdığı yerdə başından güllələməsinin bəzi təfərrüatları məlum olub.

 

APA TV-nin məlumatına görə, Füzuli rayonundan məcburi köçkün olan Maarif Əliyev 1978-ci il təvəllüdlü anası Mədinə Qurbanovanın başqa şəxslə internetdə yazışmasını görüb. Bu barədə gəlinin qayınatası məlumat verib.

 

Qayınatanın sözlərinə görə, nəvəsinin təhsil aldığı məktəbdəki yoldaşları da dəfələrlə anası haqqında xoşagəlməz sözlər işlədərək Maarifi məzəmmət ediblər. Buna görə də 16 yaşlı oğlan evdə qohumlarına bu söhbətlərdən bezdiyini və anasını öldürəcəyini bildirib. Ötən ay qadının ərini məhkəməyə verməsi isə oğlunda anasına qarşı ikrah və qəzəb hissini daha da artırıb: "Qadın verdi məhkəməyə, dedi oturmuram səndə. Amma pis qız deyildi. Elə mənə qulluq etdiyinə görə deyirdim zəmanə yaxşı deyil, onsuz da hamı yolunu azır. Mənə yaxşı baxırdı deyə, öz oğlumu pisləyirdim. Deyirdim günah səndədir".

 

Qayınata oğlunun ailəsinə biganə olduğunu da gizlətməyib. 45 yaşlı oğlunun 4 uşağı olsa da, ata kimi onlara qayğı göstərə bilmədiyini, öz həyatını yaşadığını söyləyib.

 

Anasına bir-iki dəfə irad bildirən Maarif dünən gecə saatlarında babasına məxsus ov tüfəngini götürərək gizlədib. Mərhum Mədinə Qurbanova qayınatasına iynə vurandan sonra körpəsinə süd verib və divanda yuxuya gedib. Bu zaman oğlu Maarif ona yaxınlaşaraq, tüfəngdən anasının baş nahiyəsinə bir atəş açıb.

 

Qeyd edək ki, hadisədən sonra Mədinə Qurbanovanın yaxınları onun həyat yoldaşının qohumlarını həyətdən çıxarıb və 38 yaşlı qadının dəfninə buraxmayıblar.

 

Müəllif | Apa.Tv