Mirhəsən Seyidov yenidən “İrəli”nin sədri seçildi
"İrəli" İctimai Birliyinin 5-ci hesabat-seçki konfransı keçirilib. APA TV-nin məlumatına görə, konfransda əvvəlcə təşkilatın İdarə Heyətinin üzvləri və sədri seçilib.
“İrəli” İctimai Birliyinin sədri vəzifəsinə yenidən Mirhəsən Seyidov seçilib. O bildirib ki, bu gün Azərbaycanda gənclərə böyük dəstək göstərilir və bu istiqamətdə bir çox layihələr həyata keçirilir. “İrəli” İctimai Birliyi 60-dan artıq layihə həyata keçirib: "İrəli" İctimai Birliyi 2 illik fəaliyyəti müddətində ümumilikdə həyata keçirdiyi planları əsasında 6000-dən çox yeni gənc üzvünün müraciətini qəbul edib. Ümumilikdə 3800 gəncin üzvlüyü rəsmi olaraq təsdiq edilib".
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə bildirib ki, Azərbaycanda 300-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Ölkəmizin inkişafında, güclənməsində gənclərin öz potensialını icra etməsi üçün şərait yaradıldığını deyən nazir müavini əlavə edib ki, gənclər onlar üçün yaradılan şəraitdən istifadə edir və maraqlı təşəbbüslər irəli sürürlər.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizə aparan, xaos yaratmağa çalışan qüvvələr gənclərdən istifadə edib. Bu gün isə ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin həm fərdi inkişafına, həm də təşkilatlanmasına imkan yaradıb.
Sonda bir sıra gənclər təltif olunub.