DMX: Qaçqın statusu almaq üçün Azərbaycana müraciət edənlərin sayı çoxdur
"Azərbaycandan miqrasiya axını əsasən Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan və Qərbi Avropa ölkələri istiqamətindədir. Bu müstəvidə ən böyük miqrasiya axını Rusiya istiqamətində yaşanır. Rusiya Federal Miqrasiya Xidmətindən əldə etdiyimiz məlumata görə, hazırda 500 minə qədər Azərbaycan vətəndaşının Rusiyada yaşadığı bildirilir. Onların Rusiyada əmək fəaliyyəti ilə məşğul olduğu, təhsil aldığı qeyd olunur”.
APA TV-nin xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.
O bildirib ki, son 2 ildə Avropa İttifaqı ölkələrindən Azərbaycana qaytarılan qeyri-qanuni miqrantların sayı 450 nəfərdən bir qədər artıqdır: “Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, il ərzində ölkə ərazisindən başqa ölkələrə gedənlərin sayı 2500 civarında olur. Azərbaycana gəlib daimi əsaslarla yaşamaq istəyənlərin sayı ölkədən gedənlərin sayından daha çoxdur. Bu səbəbdən 2008-ci ildən bəri Azərbaycanın miqrasiya saldosu müsbətdir”.
Azər Allahverənov qeyd edib ki, qanunsuz miqrantlara qarşı DMX və Daxili İşlər Nazirliyinin həyata keçirdiyi reydlər zamanı ay ərzində ölkədə 2000-2500-ə qədər qanunsuz miqrant aşkarlanır: “Onların müəyyən bir qisminin statusu leqallaşdırılır, müəyyən bir qismi 48 saat ərzində ölkəni tərk etmək qərarı ilə üzləşir, digər qisim isə ölkədən deportasiya edilir. Qeyd edim ki, 2016-cı ildə 30 minə qədər miqrant qeydiyyata alınıb ki, onlar Azərbaycanda əmək fəaliyyəti ilə məşğuldur”.
Şura sədri onu da qeyd edib ki, Azərbaycanda qaçqın və sığınacaq axtaran şəxslərin sayı təxminən 1300-ə yaxındır: “Bunlar əsasən Əfqanıstan, Çeçenistan və İran vətəndaşlarıdır”.
Qeyd edək ki, bu gün Beynəlxalq Miqrant Günü və Beynəlxalq Miqrasiya Təşkilatının 65-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Beynəlxalq Miqrasiya Təşkilatı, Ombudsman, Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev bildirib ki, qaçqın statusu almaq üçün Azərbaycana müraciət edənlərin sayı kifayət qədər çoxdur. O əlavə edib ki, qaçqın statusu almaq üçün edilən müraciətlər yerində araşdırılır: "Araşdırmalar zamanı uyğun gələn miqrantlara qaçqın statusu verilir. Bu statusu almaq istəyənlərin əksəriyyəti yaxşı həyat, yaxşı iş yeri üçün Azərbaycana müraciət edir”.