Rusiyada spirtli içkidən zəhərlənən 26 nəfər öldü
Rusiyanın İrkutsk vilayətində kütləvi zəhərlənmə baş verib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, ümumilikdə 42 nəfər kustar üsulla hazırlanmış və duş qəbul etmək üçün nəzərdə tutulan "Boyarışnik" adlı mayedən zəhərlənərək xəstəxanalara yerləşdirilib.
Zəruri tibbi yardım göstərilməsinə baxmayaraq, onlardan 26 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyəti isə ağır qiymətləndirilir.
Rusiya İstintaq Komitəsinin faktla bağlı yaydığı rəsmi açıqlamada vətəndaşların sözügedən mayeni spirtli içki zənn edərək, qəbul etdiyi bildirib. Zəhərlənməyə mayenin tərkibindəki metil spirtinin səbəb olduğu güman edilir.
Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.