"Ağ şəhər"də 3 km-ə yaxın küçədə tikinti işləri yekunlaşır
“Ağ şəhər” layihəsi çərçivəsində “Yaşıl Ada və Villa Zonası” adlanan ərazidə ümumi uzunluğu 3 km-ə yaxın əsas və kəsişən bir-neçə küçədə aparılan tikinti işləri yekunlaşmaq üzrədir.
APA TV-nin xəbərinə görə, sözügedən küçələr bunlardır:
- Xəqani Rüstəmov küçəsinin 520 m-lik hissəsi;
- 1-ci Yaşıl ada küçəsinin 420 m-lik hissəsi;
- 2-ci Yaşıl ada küçəsinin 450 m-lik hissəsi;
- Bu küçələrlə kəsişən və hər birinin uzunluğu 113 m olan 4 kiçik küçə.
Adı çəkilən küçələrdə yeni yol yatağı inşa olunub, zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Növbəti etapda isə asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Layihə çərçivəsində küçələrdə 20 min kv. m piyada səkisi və yolayrıcı inşa olunub, hazırda üzərlərinə tamet daşları döşənir. Səki və yol ayrıcının kənarlarına ümumilikdə 15 min p/m qranit-mərmər səki daşı düzülüb. Bundan başqa, yolların kənarlarında (səkilərdə) 300-ə yaxın çinar və zeytun ağacı əkilib.
Küçələrdə müasir işıqlandırma sisteminin qurulması üçün müasir üslublu 500 ədəd yol işıqlandırma dirəkləri quraşdırılır. Bundan başqa, şəhər salma prinsiplərinə uyğun olaraq yolların kənarlarında (səkilərdə) fiziki qüsurlu vətəndaşların rahat hərəkəti üçün səsli svetoforlar, səkiyə qalxıb-enmək üçün enişli-yoxuşlu ramplar qoyulacaq, həmçinin avtomaşınların rahat parklaması üçün xüsusi parking yerləri də nəzərdə tutulub.
Xəqani Rüstəmov küçəsi ilə Nobel prospekti kəsişməsində layihələndirilən yeraltı piyada keçidində işlər tamamlanmaq üzrədir. Burda 220 m uzunluğunda qalereyanın tam tikintisi yekunlaşıb, hazırda mərmər-qranitdən istifadə edilməklə tavanın üzlənməsi işləri davam aparılır. Bundan başqa keçidə 8 ədəd çöl şəraitində üçün hesablanmış eskalator gətirilərək quraşdırılıb.
Layihə çərçivəsində 2 yerdə - Xəqani Rüstəmov küçəsinin Nobel prospekti və Süleyman Vəzirov küçəsi ilə kəsişməsində yeni yeraltı piyada keçidlərinin tikintisi də nəzərdə tutulub.