Gəncədə Beynəlxalq Şərab Festivalı keçirilir

Gəncədə Beynəlxalq Şərab Festivalı işə başlayıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, öz rəngarəngliyi ilə seçilən bu ənənəvi festivalda bizim və Avropa ölkələrinin ən tanınmış şərabları nümayiş olunub.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin, həmçinin Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının dəstəyi ilə keçirilən festivalın məqsədi şərabçılıq ənənələrinin inkişafı, şərab istehlakı mədəniyyətinin təbliği, yerli istehsalçıların fəaliyyətinə və onların məhsullarının xarici bazarlara çıxarılmasına dəstək verməkdən ibarətdir.

 

Festivalda Gəncə, Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöy və Abşeronda yerləşən şərab istehsalı müəssisələri ilə yanaşı, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Fransa, İtaliya, Bolqarıstan kimi  ölkələrdən qonaqlar da iştirak ediblər.

 

Festival iştirakçıları Gəncə şəhər Park Bulvar Kompleksində təşkil olunan pavilyonlara baxıblar. Musiqi kollektivlərinin çıxışları, teatrallaşdırılmış səhnələr festivalı daha rəngarəng edib.

 

İştirakçılar ənənəvi Gəncə Şərab Festivalını maraqlı və gərəkli tədbir kimi dəyərləndiriblər.

 

Givi Qobuişvili, şərabçı (Gürcüstan): “Azərbaycan Respublikasına minnətdarıq ki, bu cür möhtəşəm festival keçirir. Böyük məmnuniyyətlə qatılırıq. Bu gün hava soyuq olsa da, ürəklərimiz istidir. Biz Gürcüstanın qədimdən şərabçılıq ənənəsi olan İmeretiya bölgəsindən gəlmişik. Bizim bölgədə 74 üzüm sortu yetişir. Məhsullarımız da dünyada tanınır, yüksək qiymətləndirilir. Burda biz şərabçılar öz təcrübələrimizi də bölüşürük”.

 

Naiq Məmmədhəsənov, şərabçı (Tovuz rayonu): “Biz artıq Fransa kimi ölkəyə Tovuz məhsulu ilə çıxırıq. Həm də Hollandiya, Serbiya, İtaliyaya ixrac edirik. Məhsulumuzda yazmışıq - Qafqazın gözü Azərbaycan...”

 

Gennadi Axramoviç, Belarusun Azərbaycandakı səfiri: “Bizim ölkələri sıx dostluq telləri bağlayır. Burada iştirak etməzdən bir qədər əvvəl Azərbaycanın iqtisadiyyat naziri ilə görüşümüzdə digər məsələlərlə yanaşı, sizin şərab məhsullarının bizim ölkəyə ixracı haqda da razılığa gəlmişik. Tezliklə Azərbaycan şərabları Belarus bazarında öz yerini tapacaq”.

 

Festival çərçivəsində yerli istehsalçılarımızın təqdim etdiyi 30 növ şərabın keyfiyyətinin qiymətləndirilməsi üzrə “2-ci Salxım Dequstasiya Müsabiqəsi”nə də yekun vurulub və onun qalibləri mükafatlandırılıb.

 

    

Müəllif | Apa.Tv
Azər Məmmədli