Miqrantlara nifrət edirik! - SOSİOLOJİ SORĞU
Rusiyanın şəhər əhalisinin 61,5 faizi miqrantlara mənfi münasibət bəsləyir. APA TV-nin məlumatına görə, bu rəqəm Levada Mərkəzinin keçirdiyi sosioloji sorğu nəticəsində ortaya çıxıb. Sorğuda iştirak edən hər beş şəxsdən üçün miqrantları sevmədiyini deyib. Eyni sayda respondent ölkədə milli zəmində toqquşmaların davam edəcəyinə əminliyini vurğulayıb. Rusiya vətəndaşlarının 71 faizi “Qafqazı yedirtmək yetər!” şüarını bölüşür, 78 faizi isə miqrant axınının məhdudlaşdırmağa tərəfdardır. Hər üç respondentdən ikisi hesab edir ki, Rusiya yalnız ruslar üçündür və bu ölkədə başqa millətlərə yer yoxdur. Vətəndaşların yalnız 19 faizi bu yanaşmanı faşist yanaşması sayır.
Sorğunu keçirən mərkəzin direktor müavini Aleksey Qrajdankinin sözlərinə görə, gəlmələrə qarşı mənfi münasibət ildən-ilə pisləşir. O son 5 ildə miqrantlara qarşı mənfi münasibət bəsləyənlərin sayının 10 faizədək artdığını bildirib. Sosioloqun fikrincə, buna səbəb miqrantların davranışları deyil, ölkə əhalisinin üzləşdiyi iqtisadi problemlər və hakimiyyətdən narazılıqdır. Onun sözlərinə görə, Biryulevo hadisələri miqrantlara qarşı mənfi əhval-ruhiyyənin artmasını stimullaşdırıb.