Rəsmi Bakı: Bu qanlı terror aktına heç bir bəraət ola bilməz!

Rəsmi Bakı Rusiya səfirinin Ankarada güllələnməsi ilə bağlı mövqeyini açıqlayıb. Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb ki, Rusiya səfirinin qətlə yetirilməsi lənətə layiqdir: “Bu qanlı terror aktına heç bir bəraət ola bilməz! Səfirə sui-qəsd terrorun ən vəhşi formalarından biridir”.

 

Azərbaycanın Xarici İşlər Nazirliyi də hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə nəticələnən terror aktını kəskin şəkildə pislənilir. Nazirlik terror aktının hərtərəfli araşdırılacağına və günahkarların öz layiqli cəzalarını alacaqlarına əminlik ifadə edib: “Azərbaycan tam şəkildə inanır ki, səfir Andrey Karlova qarşı törədilmiş terror aktı Rusiya və Türkiyənin terrorizmə qarşı mübarizədə əzmini, əməkdaşlığını və birgə səylərini daha da gücləndirəcək. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.  Heç bir halda terrorizmə bəraət qazandırıla bilməz”.

 

Müəllif | Apa.Tv