Putin: "Bu hadisə Rusiya-Türkiyə münasibətlərini pozmağa yönəlmiş təxribatdır"
Rusiya prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrov, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkinlə müşavirə keçirib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Kreml rəhbəri Ankarada Rusiya səfirinin qətlə yetirilməsini Türkiyə ilə münasibətlərin normallaşması, habelə Suriya münaqişəsinin həlli prosesinə yönəlmiş təxribat olaraq dəyərləndirib.
"Törədilmiş cinayət sözsüz ki, Türkiyə-Rusiya münasibətlərinin mormallaşmasına qarşı yönəlmiş təxribatdır. Bu həm də Suriyadakı münaqişənin normallaşmasında maraqlı olan Rusiya, Türkiyə, İran və digər dövlətlərin apardığı prosesi pozmaq cəhdidir. Baş verən hadisəyə qarşı yalnız bir cavabımız ola bilər - terrora qarşı mübarizəni gücləndirmək. Və cinayətkarlar bunu öz üzərlərində hiss edəcəklər. Andrey Karlov əla diplomat idi və həmkarları arasında böyük hörmət sahibi idi. Bunu mənə kimsə deməyib, çünki onu şəxsən tanıyırdım. Səfirin ailəsinə başsağlığı verirəm".
Vladimir Putin sui-qəsd nəticəsində öldürülmüş səfirin dövlət mükafatına təqdim olunmasına göstəriş verib.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov "Rusiya türklərin gözü ilə" adlı sərgidə çıxış edən zaman mülki geyimli şəxs ona arxadan bir neçə dəfə atəş açıb. Ağır yaralanmış səfir xəstəxanaya aparılsa da, yolda keçinib. Qətli törədən şəxs hadisə yerində öldürülüb.