Neftin ucuzlaşma səbəbi: Liviyada neft hasilatı bərpa oluna bilər
Neftin qiymətində ucuzlaşma qeydə alınıb. Son 24 saat ərzində "Brent" markalı neftin bir barelinin maksimum qiyməti 55,72 dollar olsa da, bu gün səhər keçirilən hərraclarda qiymət 54,86 dollaradək enib.
Neftin son 12 saatda təxminən 1 dollar ucuzlaşması bazara yeni həcmdə xammal çıxarılacağı ehtimalı ilə bağlıdır. Liviyanın neft yataqlarında hasilatın bərpa olunacağı xəbərləri birjalarda şok effekti doğurub və bu xəbər nefti ucuzlaşdırmağa başlayıb.
Qərbi Texas nefti "Brent"ə nisbətən dəyərini qoruyub saxlamağa müvəffəq olub. Liviyadan gələn xəbərlər fonunda WTİ nefti cəmi 45 sent ucuzlaşıb. Hazırda bu markadan olan neftin bir bareli 53 dollardan təklif olunur.
Xatırladaq ki, Liviya Milli Neft Korporasiyası iki neft yatağında hasilatı dayandırdığını açıqlayıb. Buna səbəb neft kəmərlərinə hücumlar təşkil edən terrorçu birləşmə ilə əldə olunan razılaşmanın pozulmasıdır. Yataqlarda hasilatın dayandırılması neftin qiymətinə pozitiv təsir göstərsə də, treyderlər hasilatın hər an bərpa oluna biləcəyini düşünür. Bu ehtimal bazarda qiymətlərin enişinə psixoloji təsir göstərir və paralel olaraq OPEK-in hasilatı azaltmaq haqqında razılaşmasının effektivliyini şübhə altına alır. Liviya müharibə dövründə neft gəlirlərindən məhrum olduğuna görə OPEK razılaşmasında iştirak etmir. Bununla belə ölkədə neft hasilatının artması bazara əlavə həcmdə xammal çıxarılması deməkdir ki, bu da qiymətlərə mənfi təsir edir.