Şəmkirdə mağazanı qarət edən 21 yaşlı gənc tutuldu
Şəmkir sakini Eyvaz Əliyevə məxsus mağazadan oğurluq hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, naməlum şəxs obyektin ətrafında və daxilində quraşdırılan təhlükəsizlik kameralarında tanınmaması üçün üz-gözünü bağlayaraq mağazaya daxil olub.
Pəncərədən içəri keçən şəxs oradan nəğd pul, müxtəlif operatorlara məxsus danışıq kartları və tütün məmulatları götürüb. Hadisə vaxtı evdə olmayan Eyvaz Əliyev qarətdən səhər saatlarında xəbər tutub və dərhal polisə məlumat verib. İlkin araşdırmalar zamanı ümumilikdə mağaza sahibinə 1500 manata yaxın maddi ziyan dəydiyi müəyyən edilib: "Qapı bağlı vəziyyətdə idi. İçəri girdim ki, oranı alt üst ediblər. Bir də baxdım ki, pəncərə açıqdır. Sonra kameradan baxdım, gəlib əvvəlcə əməliyyat edib. Sonra məhəllədən içəri daxil olub".
Təhlükəsizlik kameralında mövcud olan görüntülər, eləcə də digər əməliyyat məlumatları əsasında tədbirlərə başlayan Şəmkir polisi qısa zaman ərzində cinayəti törədən şəxsin kimliyini müəyyən edib. Məlum olub ki, Eyvaz Əliyevin əmlakına göz dikən rayon sakini, 21 yaşlı Musa Hüseynovdur. Hüseynov saxlanaraq istintaqa təhvil verilib. İşin istintaqını aparan müstəntiqlə söhbət zamanı saxlanılan Eyvaz Hüseynov bildirib ki, qarəti əvvəlcədən planlaşdırıb: "Üzümə şarf bağlamışdım. Başımda isə papaq vardı. İçəri girib kontur, pul, bir də siqaret götürüb çıxmışam".
Musa Hüseynovun barəsində cinayət işi başlanıb, istintaq aparılır. Onun digər cinayətlərdə iştirakı araşdırılır.