Rus diplomatın qatili kimdir? - FAKTLAR ORTAYA ÇIXDI
Dekabrın 19-da Ankarada Rusiya Federasiyasının səfiri Andrey Karlovu güllələyərək qətlə yetirənin kimliyinin araşdırılmasına başlanıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, qatil Ankara Xüsusi Xidmət İdarəsinin əməkdaşı olub.
Mövlud Mərd Altıntaş 1994-cü ildə Türkiyənin Aydın vilayətinin Sökə qəsəbəsində doğulub. O, İzmir Rüştü Ünsal Polis Peşə Ali Məktəbini bitirib. 2 ildən çox Ankara Xüsusi Xidmət İdarəsində çalışıb.
Mərd Altıntaş 15 iyul dövlət çevrilişinə cəhd zamanı müvəqqəti olaraq Diyarbəkirdə çalışıb. Araşdırma zamanı onun həmin müddətdə 2 günlük Ankaraya səfər etdiyi üzə çıxıb. Daha sonra o, FETÖ təhqiqatı nəticəsində tutulub.
Araşdırma zamanı sui-qəsdlə bağlı bəzi təfərrüatlar da məlum olub. Belə ki, Mərd Altıntaş hadisənin baş verdiyi Çankaya Sənət Qalereyasının yanındakı oteldə qalırmış. Hazırlığını da məhz buradan aparıldığı ehtimal olunur.
Qeyd edək ki, Mərd Altıntaş 2011-ci ildə Polis Peşə Ali Məktəbində imtahan verərkən köçürmə etdiyi, polisliyə də bu şəkildə qəbul olunduğu bildirilir.
İstintaq zamanı bir məqam da diqqət çəkir. Belə ki, Mərd Altıntaşın 2 günlük Ankara səfəri zamanı kirayələdiyi evin “Today’s Zaman”nın müxbirinə aid olduğu qeyd olunur.