Azexport.az portalının təqdimat mərasimi keçirildi

Bu gün ADA Universitetində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan "azexport.az" portalının təqdimat mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır: "Portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq, Azərbaycan mallarını bütün dünyaya sərgiləyir. Dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-loqistika şirkətləri və ödəmə sistemləri Azərbaycan mallarının realizasiyası üçün əlverişli şəkildə portala inteqrasiya olunub. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli, hər yerdə və həmişə olmaqla portal vasitəsilə "Made in Azerbaijan" brendi alıcılara yaxınlaşdırılır".

 

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib ki, təmsil etdiyi ali təhsil müəssisəsi ölkədə aparılacaq islahatlara öz töhfəsini verməyə hazırdır.

 

Portalın meneceri Zaur Qardaşov onun mahiyyəti və imkanları barədə təqdimatla çıxış edib.

 

Portalda məlumatlar Azərbaycan, rus və ingilis dilində olacaq ki, bu da xarici ölkələrdə fəaliyyət göstərən sahibkarların yerli istehsal olan məhsullarla tanış olmasına imkan verəcək. Xarici sahibkar portala daxil olmaqla yerli məhsulların istehsal yeri, qiyməti və keyfiyyət göstəriciləri ilə bağlı məlumat əldə edə biləcək.

 

Portalda hər bir sahibkar üçün "şəxsi kabinet" yaratmaq mümkün olacaq. Sahibkarlar "şəxsi kabinet"ə daxil olmaqla öz məlumatlarını sayta yerləşdirə biləcək. Növbəti addım kimi portal vasitəsi ilə sahibkarların bir-biri ilə əlaqə yaratması təmin ediləcək. Bununla da sahibkarlar istədikləri malları elektron qaydada sifariş verə biləcək. Eyni zamanda məhsulların daşınması, sığortası məsələsi də öz həllini tapacaq. Elektron portal sahibkarların xərclərinin əhəmiyyətli şəkildə azalmasına gətirib çıxaracaq. Çünki sahibkar istədiyi məhsulu seçərkən vaxt itirməyəcək və vasitəçi olmadan münasib qiymətə ala biləcək. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ölkədə elektron ticarətin inkişafı ilə nəticələnəcək və sahibkarların bazarına çıxışını asanlaşdıracaq.

 

Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycandan ixracın genişlənməsi istiqamətində saytın imkanlarını yüksək qiymətləndirərək, verəcəyi töhfələrdən bəhs edib.

 

"Azərsun Holdinq"in prezidenti Abdolbari Goozal portalın Azərbaycanda satış həcminin artırılması istiqamətində nəzərə çarpan nailiyyətlərə vəsilə olacağını söyləyib.

 

Sonda "Azexport.az" resursuna aid video-çarx nümayiş etdirilib.

 

Qeyd edək ki, "azexport.az" saytı prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış sərəncamı əsasında yaradılıb.

Müəllif | Apa.Tv
Ayşən Əhməd