Diplomatın qatili Ankaradakı Rusiya səfirliyində çalışıb? - YENİ DETALLAR
"Mert Altıntaş hadisədən üç gün əvvəl, daha dəqiq, cümə günü də bizim qalereyaya gəlmişdi. Lakin biz onun sərgini gəzmək və ya kəşfiyyat məqsədilə gəlib-gəlmədiyini dəqiq bilmirik".
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu fikirləri "Rusiya: Kalininqraddan Kamçatkaya qədər" sərgisinin keçirildiyi qalereyanın rəhbəri Timur Özkan səsləndirib.
T.Özkan deyib ki, qalereya əməkdaşları M.Altıntaşın sərgi salonunu gəzdikdən sonra mərkəzi tərk edərək getdiyini müşahidə ediblər. Onun hərəkətləri heç kimdə şübhə doğurmayıb.
Qalereya rəhbəri özü də daxil olmaqla, orada çalışan hər kəsin M.Altıntaşın mühafizə xidmətinin əməkdaşı və ya polis olduğunu zənn etdiyini də sözlərinə əlavə edib.
Hazırda polis incəsənət qalereyasının təhlükəsizlik kamerası görüntülərini nəzərdən keçirir.
Rusiya mətbuatında Mert Altıntaşın bir qədər əvvələdək Rusiyanın Türkiyədəki səfirliyinin mühafizə xidmətində işlədiyi iddia olunur.