"Səfirin qətli münasibətlərimizi pozmayacaq" - RUSİYA VƏ TÜRKİYƏ POLİTOLOQLARI

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi dünya mətbuatının diqqətindədir. Ötən ilin noyabrında Rusiya təyyarəsinin vurulması ilə pisləşən Ankara-Moskva münasibətlərinin bərpa olunduğu bir vaxtda belə bir hadisənin baş verməsi nə deməkdir? Karlovun qətlinin sifarişçisi kimlərdir? Hazırda hər kəsi bu suallar düşündürür. Baxmayaraq ki, hadisədən dərhal sonra Rusiya prezidenti Vladimir Putin diplomatın öldürülməsinin Türkiyə ilə münasibətlərə təsir etməyəcəyini bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da səfirin qətlinin Türkiyə-Rusiya münasibətlərini pozmağa yönələn təxribat olduğunu bəyan edib.

 

Hələlik Rusiya səfirinin öldürülməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Politoloqlar hesab edirlər ki, təyyarə qalmaqalından sonra Rusiya-Türkiyə münasibətlərinin tədricən bərpa olunması bəzi dairələri qıcıqlandırır. Diplomatiya tarixi göstərir ki, məhz belə hadisələrin arxasında həmişə müəyyən qüvvələr dayanıb.

 

Rusiyalı politoloq Sergey Markov hesab edir ki, səfir Andrey Karlovun qətlə yetirilməsinə səbəb Suriya məsələsində Rusiya ilə Türkiyə arasında olam əməkdaşlığın bəzi qüvvələri narahat etməsidir. Bundan başqa, səfirin qətlini bəzi Qərb dövlətlərin sifariş etməsi də istisna edilmir: "Rusiya ilə Türkiyənin əməkdaşlığı Şərqi Hələbdə əsas döyüşçü qüvvəsi olan "Ən-Nüsra Cəbhəsi"nin xoşuna gəlmir. Onlar Rusiya ilə Türkiyənin arasını pozmaq istəyirlər. İkincisi, xarici xüsusi xidmət orqanlarına da Rusiya-Türkiyə münasibətlərinin bu cür yaxşı olması sərf etmir. Bu xüsusi xidmət orqanları amerikalı, britaniyalı və ya Səudiyyə Ərəbistanının ola bilər. Amma mən deyə bilmərəm ki, Rus səfirin öldürülməsini məhz Barak Obama sifariş edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi artıq uzun müddətdir ki, müstəqil siyasət yürüdür və prezidentin nəzarətindən çıxıb. 3-cü səbəb isə Türkiyə daxilində olan çəkişmələrdir. Ola bilsin ki, Türkiyədəki çevrilişə cəhd zamani pis vəziyyətdə qalan insanlar bacardıqları qədər Ərdoğanı Rusiya ilə mübahisəyə sürükləmək istəyirlər".

 

Amma siyasi şərhçilər iddia edirlər ki,  Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasından narazı olan qüvvələr bu hadisə ilə öz istəklərinə nail ola bilməyəcəklər. Türkiyəli ekspert Arda Batu səfirin öldürülməsinin iki ölkənin münasibətlərinə təsir etməyəcəyini deyir: "Son vaxtlar Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə müsbət dəyişikliklərə bu hadisənin təsir etməyəcəyini düşünürəm. Türkiyədəki hadisədən bir az sonra Berlində, İsveçrədə də acı hadisələr baş verdi. Avropa, Amerika və dünyanın müxtəlif nöqtələrində artıq terror hadisələrinin artdığını görürük. Baş verən hadisə yalnız Türkiyə ilə əlaqədar deyil. Təəssüflər olsun ki, bu beynəlxalq məsələdir. Dünyada beynəlxalq terrorizm qalib gəldi. Terrorizmi aradan qaldırmaq bütün dünya dövlətlərinin üzərinə düşən vəzifədir".

 

Dünya dövlətləri beynəlxalq terrorizmlə birgə mübarizə aparmağa çağırış etsələr də, son olaylar göstərir ki, bunlar hələ də istənilən nəticəni verməyib.

Müəllif | Apa.Tv