"Vergi amnistiyası" 45 min ödəyicini əhatə edəcək
Bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
APA TV-nin məlumatına görə, iclasda "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi müzakirə olunub.
Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, sənəd prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb. Onun sözlərinə görə, qanun layihəsi sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılmasına hesablanıb.
Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov qeyd edib ki, Vergi Məcəlləsinin və Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinin qüvvəyə minməsi ilə sahibkarların sərəncamında qalan kifayət qədər dövriyyə vəsaitləri onların iqtisadi aktivliyinin artırılmasına xidmət edəcək. O əlavə edib ki, qanun layihəsi ümumilikdə 44704 vergi ödəyicisini əhatə edəcək. Bunun 1037-si dövlət sektorunda, 43667-si isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir: "Faizlərin silinməsi nəticəsində 386,4 milyon manat məbləğin silinməsi təmin olunacaq. Bunun da 125,5 milyon manatı dövlət sektorunun, 260,9 milyon manatı isə qeyri-dövlət sektoruna aiddir. Biz hesab edirik ki, bu məbləğin silinməsi vergi ödəyicilərinin iqtisadi aktivliyinin artırılmasına xidmət edəcək. Eyni zamanda region üzrə strukturlara diqqət edəriksə, faiz məbləğlərinin silinməsi nəticəsində Bakı şəhəri üzrə 288,3 milyon manat faiz məbləğinin, regionlar isə 98 milyon manat faiz məbləğinin silinməsi təmin ediləcək. Qalan 237 milyon manat maliyyə sanksiyasına münasibətdə isə 138,5 milyon manat Bakı şəhərində qeydiyyatda olan vergi ödəyicilərinin, 98,5 milyon manat isə regionlarda qeydiyyatda olan vergi ödəyicilərinin maliyyə sanksiyasının silinməsi təmin olunacaq".
Baş idarə rəisi vurğulayıb ki, hazırda vergi ödəyicilərinin ümumi borcları 1 dekabr vəziyyətinə 1 milyard 527 milyon manat təşkil edir ki, bunun 904,3 milyon manatı əsas vergi borcu, 237,1 milyon manatı maliyyə sanksiyası, 386,4 milyon manatı isə faiz borcudur. Qanun layihəsi qəbul olunsa, vergi ödəyicilərinin borcu 904 milyon manata düşəcək.
Deputat Vahid Əhmədov qeyd edib ki, bu qanun layihəsi faktiki olaraq vergi yükünün azaldılmasına xidmət edəcək. O, maliyyə sanksiyalarının ödənilməsi ilə bağlı müddətin uzadılmasını da təklif edib: “Birincisi, siz 3 ay vaxt təyin etmisiniz. Bu üç ay bilirsiniz ki, maliyyə sistemində, maliyyə bazarlarında ən ağır aylardır. Birincisi işləyən təşkilatlar, yəni cəmiyyətlər, təşkilatlar, iri vergi ödəyiciləri, əksəriyyəti dövlət büdcəsi ilə əlaqədar təşkilatlardır. Bilirsiniz ki, maliyyə də mart ayının 15-dən sonra bu təşkilatlara ayrılır. Ona görə də bu sanksiyaların ödənilməsinə müəyyən problemlər yarana bilər. Mən hesab edirəm ki, bu vaxtın 3 ay yox, 6 ay müddətə uzadılması yaxşı olardı. Bu müddəti uzatmaq lazımdır ki, yığımda problem olmasın”.
Deputat Əli Məsimli vergi amnistiyasından sonra yeni vergi borcunun yaranmamasına xüsusi diqqət yetirməyin vacib olduğunu vurğulayıb: “Sonra elə olmamalıdır ki, gələn ilin sonunda vergi borcu yaransın və sahibkarlar, dövlət təşkilatları bu borcun ləğvini gözləsinlər”.
Millət vəkilləri İlham Əliyev, Cavid Qurbanov, komitə sədri Ziyad Səmədzadə də qanun layihəsində vergi amnistiyası ilə bağlı nəzərdə tutulan 3 ay müddətin 6 aya qaldırılmasının vacibliyini qeyd edib, qanun təşəbbüsü ilə çıxış edən qurum qarşısında qaldıraraq, bu təklifi nəzərə almağı tövsiyə ediblər.