Şoyqu: "İran, Türkiyə və Rusiya Suriyada cavabdehlik daşımağa hazırdır"
İran Türkiyə və Rusiya ilə birlikdə Suriya probleminə dair siyasi həll tapılması üçün prosesi başlatdıqlarını açıqlayıb.
APA TV-nin məlumatına görə, türk və rus həmkarları ilə Moskvada görüşdükdən sonra açıqlama verən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin fikirlərini "Reuters" yayıb.
Bu gün Moskvada Türkiyə, Rusiya və İranın müdafiə nazirləri də görüşüb. İranın müdafiə naziri Hüseyn Dehqan toplantıda Türkiyə və Rusiyanın Suriya məsələsində hərbi əməkdaşlığının yüksək səviyyədə olduğunu deyib.
Rusiya müdafiə naziri Sergey Şoyqu da Moskva, Ankara və Tehranın Suriyada həll prosesinə cavabdehlik etməyə hazır olduqlarını bildirib.
Şoyqu Türkiyənin müdafiə naziri Fikri İşıq ilə görüşdən sonra verdiyi açıqlamada Hələbdə davam edən mülki şəxslərin təxliyəsinin sona çatdırılması başda olmaqla, bütün Suriya ərazisində sülhü təmin edəcək nəticənin əldə olunması üçün birgə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.
Suriyadakı son vəziyyətin müzakirə olunduğu görüşdə Hələb və Əl Babdakı hadisələrə xüsusi diqqət yetirildiyi qeyd olunur.