Rusiyalı general: "Azərbaycanda yanğınsöndürmə sahəsində ciddi təcrübə qazanılıb"
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 11-ci ildönümünə həsr olunmuş elmi-praktik seminar başlayıb.
APA TV-nin xəbərinə görə, “Dövlət Yanğın Nəzarəti Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətləri və müasir yanğınsöndürmə metodları” mövzusunda keçirilən seminarda FHN-in baş yanğın təhlükəsizliyi eksperti, general-mayor Yusif Nəbiyev FHN-in yaranma tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, son 5 il ərzində Azərbaycanda baş vermiş yanğın hadisələrinin statistikasını açıqlayıb.
FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov "Müasir Dövlət Yanğın Nəzarəti Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində perspektiv planlar" mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, respublika ərazisində baş vermiş yanğınların təxminən 70 faizi yaşayış sahəsinin payına düşsə də, son illər ərzində yaşayış sektorunda yanğından həlak olanların sayında azalma müşahidə olunur.
Daha sonra FHN Akademiyasının "Həyat fəaliyyətinin təhlükəsizliyi" ixtisas fənləri kafedrasının rəisi, polkovnik İlqar Dadaşov "Kadrların hazırlanmasında təkmilləşdirilmə perspektivləri" mövzusunda məruzə ilə çıxış edib.
Seminarda Rusiya Federasiyasının Yanğın Təhlükəsizliyi və Kompleks Təhlükəsizlik üzrə Ümumrusiya Elmlər Akademiyasının akademiki, texniki elmlər doktoru, professor, daxili xidmət general-leytenantı Yevgeni Aleksandroviç Meşalkin də iştirak edib. O qeyd edib ki, yanğının profilaktikası və digər məsələlərlə bağlı öz təcrübəsini seminar iştirakçıları ilə bölüşəcək: “Azərbaycan prezidenti, FHN-in rəhbərliyi, şəxsən cənab nazir Azərbaycanda yanğından xilasetmə sisteminin inkişafına böyük diqqət yetirir. Səfər çərçivəsində generallarla görüşmüşəm. Qeyd etməliyəm ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maddi-texniki təminatı müasir standartlara cavab verir. Yanğınsöndürmə hissələri, onların bölmələrində yanğınla mübarizənin müasir anlayışı var. Düşünürəm ki, Azərbaycanda bu sahədə təcrübə qazanılıb”.
Seminar sabah da davam edəcək.