Rusiyanın Azərbaycandakı səfiri: "Məni üç polis əməkdaşı müşayiət edir"
"Azərbaycan ötən gecə baş vermiş faciəni, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlini böyük həssaslıqla qarşıladı".
APA TV-nin məlumatına görə, bu fikirləri Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin səsləndirib.
Səfir eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevin hadisə ilə bağlı Rusiya prezidentinə başsağlığı verən ilk dünya liderləri sırasında olduğunu qeyd edib. Diplomat bu hadisədən sonra rəsmi qurumların qərarı ilə buradakı səfirlik binasının mühafizəsinin gücləndirildiyini qeyd edib: "Bizə Azərbaycan Xarici İşlər Nazirliyinin protokol şöbəsindən zəng vuraraq soruşdular ki, mühafizə üçün əlavə tədbirlərə ehtiyac varmı? Biz cavab verdik ki, Azərbaycanda özümüzü təhlükəsiz hiss edirik. Bununla belə, qərar verdilər ki, mühafizə gücləndirilsin. Nümunə üçün, ötən gündən etibarən məni üç polis əməkdaşı müşayiət edir. Bir sözlə, hadisənin ilk anlarından nümayiş etdirdiyi həmrəyliyə görə hökumətiniz və xalqınıza təşəkkür etmək istəyirəm".