Türkiyədə qətlə yetirilən səfirin cənazəsi Rusiyaya göndərildi
Dünən Türkiyədə qətlə yetirilən Rusiya səfiri Andrey Karlovun cənazəsi təyyarə ilə Rusiyaya göndərilib.
APA TV-nin məlumatına görə, bununla bağlı Ankaranın Esenboğa hava limanında mərasim keçirilib.
Mərasimdə Türkiyə baş nazirinin müavini Toğrul Türkeş, daxili işlər naziri Süleyman Soylu, deputatlar, xarici ölkələrin səfirləri, o cümlədən A.Karlovun ailə üzvləri iştirak ediblər. Rusiya bayrağına sarılmış tabut əsgərlər tərəfindən mərasim məkanına gətirilib.
Sayğı duruşundan sonra ilk olaraq Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov çıxış edib. F.Bağırov Azərbaycan dövlətinin, Xarici İşlər Nazirliyinin başsağlığını çatdırıb.
T.Türkeş A.Karlovun şəxsində Türkiyənin bir dostunu itirdiyini bildirib: “Andrey Karlovun Türkiyə-Rusiya münasibətlərinin gərgin olduğu bir dövrdə səfir olub, münasibətlərin normallaşması üçün səylər göstərib. Andrey Karlov artıq Rusiya-Türkiyə dostluğunun əbədi rəmzi olub. Rusiya və Türkiyəni qarşı-qarşıya gətirmək istəyənlər istəklərinə çatmayacaq. Rusiya-Türkiyə dostluğu hər zamankı kimi güclüdür. Dost Rusiya dövlətinin, xalqının başı sağ olsun”.
Sonra xristian din xadimləri dua oxuyub. Ailə üzvləri vidalaşdıqdan sonra cənazə təyyarə ilə Rusiyaya yola salınıb. Karlovun ailəsi də eyni təyyarə ilə Moskvaya gedib.